Rusiyanın “Qazprom İnvest” şirkətinin nəqliyyat xidmətinin rəhbəri Leonid Şulmanın ölümü ətrafında ehtimallar dolaşır.
Novator.az xəbər verir ki, 60 yaşlı Leonid Şulmanın meyiti yanvarın 29-u axşam öz evinin hamamında qan içində aşkarlanıb. Sankt-Peterburq şəhərinin Vıborq rayonundakı üçmərtəbəli kotecində tək yaşayan məmurun qollarında dərin yaralar, kəsiklər olub. Şulmanın son nəfəsində üzü üstə yerə yıxıldığı bildirilir. Meyitin tanınması üçün hadisə yerinə Şulmanın keçmiş arvadı və oğlu dəvət edilib. Bir qız və bir oğul atası olan Şulman ötən il arvadından boşanıb.
Şulmanın keçindiyi vanna otağında iti bıçaq tapılıb. Onun qollarındakı yaraların, dərin zərbə ilə iz açan kəsiklərin həmin bıçaqla vurulduğu güman edilir.
Hadisə yerində Şulmanın ailəsinə vida məktubu da tapılıb. Məktubunda o, daha ağrılara dözə bilmədiyini və buna görə intihar etdiyini yazıb.
Rusiyalı varlı məmurun ölümü cəmiyyətdə şübhələrlə qarşılanıb. Bunun könüllü intihar olmadığı, ölümqabağı məktubun ona zorla yazdırıla biləcəyi barədə ehtimallar ortaya çıxıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşlarından az sonra gəlmiş “Nevskie novosti” qəzetinin müxbiri Şulmanın üzü üstə yıxılı qalmış meyitinin fotosunu çəkərək paylaşıb. Fotoda Şulmanın bir ayağına İlizarov aparatının bağlandığı görünür. Qəzetin yazdığına görə, bir müddət əvvəl ayağı sınmış Şulman vəziyyəti ilə əlaqədər işə getmirmiş, evdən çıxmırmış.
Bəziləri Leonid Şulmanın sınıq ağrılarına tab gətirməyib intihar etməsinə inanmır.
Rusiya İstintaq Komitəsindən Leonid Şulmanın ölüm səbəbi barədə geniş açıqlama verməyiblər və bildiriblər ki, bütün versiyalar araşdırılır, amma əsas versiya intihardır.
Rusiya mediasında yayılan bəzi materiallarda deyilir ki, Leonid Şulmanın ölümü ətrafında sanki bir müəmma duyulur.
Yazılanlara görə, prezident Vladimir Putinin həmyerlisi Leonid Şulmanla şəxsi tanışlığı olub. Peterburqlu prezidentin peterburqlu məmurla dəfələrlə ünsiyyətdə olduğu deyilir.
Leonid Şulman 2007-ci ildə “Qazprom”un törəmə şirkəti kimi yaradılmış “Qazprom İnvest”də əsas simalardan olub. “Qazprom İnvest” texniki məsələlərlə bağlı sifarişləri yerinə yetirir, həmçinin “Qazprom”un investisiya layihələrinin reallaşmasına, geoloji kəşfiyyat işlərinə, müxtəlif obyektlərin təmirinə yardım edir.
Bəzi məlumatlara görə, ötən ilin sonunda “Qazprom İnvest”də gedən yoxlamalar zamanı Şulman problemlərlə üzləşib. Qeyri-rəsmi xəbərlərə əsasən, yoxlamalar nəticəsində avtopark təmirində maliyyə kəsiri aşkarlanıb. Lakin bir sıra digər mənbələr bu xəbərin bilərəkdən yayıldığını düşünür.
Leonid Şulman illərlə “Qazprom” şirkətində müxtəlif vəzifələrdə çalışıb. Bir müddət “Qazprom Transqaz Sank-Peterburq”da işləyib, 2012-ci ilə qədər isə “Riker” şirkətinə rəhbərlik edib. “Riker” Niderlandda ofşor şirkət kimi qeydiyyata alınıb və daşınmalarla məşğul olub.
Özünü bloqçu kimi təqdim edən, amma anonim ad altında yazan bir nəfər sosial şəbəkədəki bir şərhində iddia edib ki, Şulman 2016-cı və 2021-ci illərdə Putinin ailə üzvlərinin ofşordakı hesablarına pul yerləşdirən “daşıyıcı”lardan biri olub.