Fevralın 2-də gənclərlə görüşən prezident İlham Əliyev 1992-ci ilin mayından 1993-cü ilin iyun ayına kimi hakimiyyətdə olmuş qüvvələri ittiham edib. Dövlət başçısı deyib ki, o vaxt hakimiyyətdə olan adamlar Şuşanı azad etmək əvəzinə boş-boş vədlər verirdilər: “Şuşanın düşmənə təhvil verilməsində onların birbaşa əli olub. Bu, bir xəyanət idi, satqınlıq idi”.
Birinci Qarabağ müharibəsində fərarilik hallarının olduğunu vurğulayan prezident bunu xalqın hakimiyyətə inamsızlığı ilə bağlayıb: “O vaxt müharibə gedə-gedə iqtidar Gəncəni bombalayırdı. Torpaqlar əldən gedir, Bakıda oturan iqtidar Gəncəni bombalayırdı və Azərbaycan əsgərlərini əsir götürmüşdü. Belə iqtidarla müharibəni udmaqmı olardı? Əlbəttə ki, yox”.
Azərbaycan Xalq Cəbhəsinin qurucularından olan Pənah Hüseyn özünün “Facebook” səhifəsində bu ittihamlara münasibət bildirib.
Pənah Hüseyn 1992-1993-ci illərdə əvvəl dövlət katibi, sonra baş nazir postlarını tutub. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub. Azərbaycan Xalq Partiyasının sədridir.
Novator.az-ın məlumatına görə, siyasətçi yazır: “Birinci Qarabağ müharibəsindəki uğursuzluqlar, torpaqların işğalında bizim iqtidarın məsuliyyət payını inkar etməyərək bəzi məqamları xatırlatmaq lazım gəlir. Həmin müharibə 1994-cü ilin mayına kimi davam etmiş və torpaqların çox hissəsi 1993-cü ilin iyun ayındakı hərbi qiyamdan sonra hakimiyyətə gələn bugünkü iqtidarın dövründə işğal olunmuşdu.
1993-cü ildə qiyama dəstək verən, qoşulan, qiyamda iştirak edən siyasi qüvvələrin hərəkətləri ölkədə hərbi-siyasi böhran yaratdı və düşmən böhrandan istifadə etdi.
O vaxt siyasi müxalifət Vətən, millət, dövlət maraqlarını yox, hakimiyyətə gəlmək marağını əsas tutdu, qiyamın hazırlanması və həyata keçirilməsində iştirakla faktiki olaraq düşmənə xidmət etdi. 1993-cü ilin yayında müharibənin Azərbaycanın ərazi bütövlüyü saxlanmaqla bitməsi şansının itirilməsinin məsuliyyəti birbaşa qiyamçıların üzərinə düşür.
Bu, hadisələrin belə nəticələrə gəlib çıxmasının qarşısını ala, qiyamı yatıra bilməməyə görə bizi məsuliyyətdən kənara qoymur.
Gəncənin bombalanması, öz əsgərlərimizin əsir götürülməsi, Şuşanın qəsdən təhvil verilməsi hekayələri əsassız, zərərli, uydurma təbliğat nağıllarıdır və bunların təkrar-təkrar söylənməsi təəssüf doğurur.
Tarix axar su kimidir. Saxtalaşdırmalarla, uydurmalarla, təhriflərlə, qaralamalarla nə qədər bulandırılır bulandırırılsın, axdıqca durulacaq, durulur, həqiqət öz yerini tutacaq, tutur, qiymətini alacaq, alır.
2020-ci ilin 44 günlük müharibəsində siyasi müxalifət 1993-cü ilin müxalifətindən fərqli olaraq milli mövqe tutdu. Siyasi müxalifətin bu mövqeyi müharibədə qələbənin mənbəyi olan xalq-ordu-dövlət (hakimiyyət) birliyinin bünövrəsi oldu”.