Türkiyənin İstanbul şəhərində Çində uyğurlara qarşı törədilən cinayətlərlə bağlı muzey açılıb.
Novator.az-ın məlumatına görə, ABŞ-ın “Associated Press” agentliyi muzeydən videosüjet yayıb. Süjetdə bildirilir ki, muzeyi Türkiyədə təhsil alan uyğur tələbələr yaradıblar.
Türkiyədə 50 mindən çox uyğur yaşayır.
Təşkilatçılar muzeyi Çinin Sincan Uyğur Muxtar Rayonundakı əsir düşərgələrindən sağ çıxanların ifadələri əsasında qurublar.
Muzeyin təsisçilərindən olan İdris Ayaz “Associated Press”ə deyib: “Bu muzey uyğurların öz doğma yurdlarında nələr yaşadığını göstərmək üçündür”.
İdris Ayaz muzeyə böyük maraq olduğunu vurğulayıb.
Muzey eksponatları arasında Çində uyğurların saxlandığı əsir düşərgələrinin fotoları, düşərgədəki otaqların, həmçinin işgəncə kameralarının və abort kabinetlərinin maketləri var.
Muzeyin hər gün açıq olduğunu söyləyən İdris Ayaz qeyd edib ki, ziyarətçilər bir məhbusun həftə ərzində “pələng kreslosu”na bağlı vəziyyətdə saxlandığı dindirmə otaqlarını da seyr edə bilərlər.
Təsvirlərin dəqiqliyinə gəlincə, İdris Ayaz düşərgələrdən sağ çıxmış insanların bütün ifadələrini araşdırdırlarını vurğulayıb.
Çinin Sincan Uyğur Muxtar Rayonunda milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.
Beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Dünyanın bir sıra demokratik dövlətləri, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.