AXCP sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin doğum günündən yazıb: “Bu gün onun günüdür. Əvvəlcə Azərbaycan muxtariyyətini, sonra da Azərbaycanın müstəqilliyini siyasi gündəmə gətirən, istiqlalın milli ideyaya çevrilməsində və elanında ən çox zəhməti olan böyük Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Təmənnasız Azərbaycan sevgisi, Azərbaycan naminə fədakarlıqları Rəsulzadəni bu millət üçün çoxdan simvola çevirib. Bayrağımız kimi o da Azərbaycanın, istiqlalımızın simvoludur.
Rəsulzadə deyəndə hər zaman Azərbaycan, onun istiqlalı, cümhuriyyət, azadlıq və ədalət günəşinin bir gün mütləq parlayacağı yada düşür. Şanslıyıq ki, tariximizdə bu qədər böyük düşüncəli, vətənpərvər, mütərəqqi dünya görüşlü, gerçək Azərbaycan sevdalısı olan qurucu milli liderimiz var”.
Novator.az bildirir ki, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Novxanıda doğulub. Bakıdakı II rus-müsəlman məktəbində, Bakı Texniki Məktəbində təhsil alıb.
1903-cü ildə Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyini yaradıb. 1904-cü ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasının nəzdində “Hümmət” Sosial Demokrat Təşkilatının yaradıcılarından olub. 1907-ci ildə RSDFP-dən uzaqlaşıb rus müstəmləkə üsul-idarəsinə qarşı fəaliyyətə başlayıb.
1911-ci ildə Müsavat Partiyasının qurulmasında iştirak edib. Partiyanın ilk başqanı olub. 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan edən Milli Şuraya sədrlik, daha sonra Azərbaycanın ilk parlamentində Müsavat fraksiyasına başçılıq edib.
1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndə həbs olunub, azadlığa çıxandan sonra Moskvada yaşayıb. 1922-ci ildə Finlandiyaya, oradan Fransaya, sonra Türkiyəyə gedib. 1955-ci il martın 6-sı Ankarada vəfat edib, “Əsri” qəbiristanlığında dəfn olunub.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu 31 yanvarı Azərbaycanda müstəqilliyin, demokratiyanın və azadlığın doğum günü saydığını yazır: “138 il öncə Azərbaycan tarixinin ən görkəmli və parlaq şəxsiyyəti, ömrünü Azərbaycanın istiqlalı uğrunda mübarizəyə həsr edən, Azərbaycan türklərinin tarixdə ilk milli dövlətinin banisi olan Məhəmməd Əmin Rəsulzadə doğulub.
Təəssüf ki, görkəmli dövlət xadimi, mütəfəkkir, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı, azadlıq məfkurəsinin banisi Rəsulzadənin doğum günü onun adına və xidmətinə layiq olaraq dövlət səviyyəsində təşkil edilmir.
Şükürlər olsun ki, hakimiyyətin laqeyd münasibətinə baxmayaraq Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” ifadəsini qəlbində yaşadan, onun irsini öyrənən, bu günü demokratiyanın doğum günü kimi qəbul edən və o dahi lideri şükranla xatırlayanların sayı milyonlarladır”.