Rusiya kəşfiyyatının törətdiyi partlayışlara aid məxfi sənəd Çexiya prezidentinin dəftərxanasından yoxa çıxıb.
Novator.az xəbər verir ki, söhbət 2014-cü ildə Çexiyanın Vrbetis kəndində yerləşən silah-sursat anbarında baş vermiş iki partlayışa aid sənəddən gedir.
Çexiyanın xüsusi xidmət oqranları partlayışları Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin törətdiyini bildirir.
2021-ci ilin aprel ayında Çexiyanın əks-kəşfiyyat idarəsi olan Təhlükəsizlik və İnformasiya Xidməti ölkə prezidenti Miloş Zemanın dəftərxanasına partlayışlarla bağlı hesabat təqdim edib. Sənəddə partlayışlarda günahkar bilinən şəxslərin ad-soyadları da göstərilib. Bunlar Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Aleksandr Mişkin və Anatoli Çepiqadır.
Çexiya mediasının məlumatına görə, sənədlər 10 gün prezidentin xəbəri olmadan onun dəftərxanasında saxlanıb. Sonra polislər sənədə kiminsə toxunub-toxunmadığını öyrənmək üçün dəftərxanaya gəliblər. Və bu zaman məlum olub ki, məxfi sənəd məhv edilib.
Çexiya prezidentinin administrasiyası güman edir ki, hadisə təsadüf nəticəsində baş verib. Belə ki, ötən il dəftərxanada bəzi sənədlər məhv ediləndə Vrbetisdəki partlayışlara aid hesabat həmin materialların içində olub. Buna görə administrasiya o vaxt təsadüfən hesabatın da məhv olduğunu ehtimal edir.
Hazırda hüquq mühafizə orqanları məsələni araşdırır.
Vrbetisdəki partlayışları Rusiyanın təşkil etdiyi üzə çıxandan sonra, 2021-ci ildə Çexiya 18 rus diplomatı öz ərazisindən qovub. Rusiya cavab olaraq 20 çexiyalı diplomatı ölkədən çıxarıb.