Rusiya NATO qarşısında şərqə doğru irəliləməmək tələbi qoyub. Həmin tələblər Ukraynanın və digər keçmiş sovet respublikalarının NATO-ya qoşulmaq hüququndan məhrum edilməsini, habelə NATO qüvvələrinin Avropada 1997-ci ildəki mövqelərə çəkilməsini nəzərdə tutur.
Ötən ilin sonunda Rusiya Xarici İşlər Nazirliyi İsveçlə Finlandiyanın da NATO-ya qoşulması ideyasına narazılığını ifadə edib.
Novator.az saytının məlumatına görə, Finlandiyanın Xarici Siyasət İnstitutunun tədqiqatçısı politoloq Yuri Lavikaynen yerli MTV kanalına açıqlamasında Helsinkinin NATO-ya qoşulma ehtimalını şərh edib.
Pollitoloq deyib ki, hazırda Finlandiya NATO-ya üzvlük üçün müraciət etməyə tələsmir. Ancaq o əlavə edib ki, Helsinki alyansa qoşulmaq hazırlığına başlasa, Moskva buna əngəl olmaq üçün bütün vasitələrə əl atacaq.
Siyasi ekspert indi Kremli daha çox narahat edən ölkənin Finlyandiya deyil, Ukrayna olduğunu da vurğulayıb.
Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında ona verilən “Rusiya Finlandiya ilə İsveçin suverenliyinə, müstəqil qərar qəbul etmək hüququna hörmət edirmi” sualını belə cavablandırıb: “Rusiya Finlandiya ilə İsveçin NATO-ya üzv olmaq hüququna hörmət edir. Amma biz hesab edirik ki, bu ölkələrin neytrallıq siyasəti ümumavropa dəyərlərinə və Avropa qitəsində təhlükəsizliyin təmin olunmasına ən böyük töfhədir”.
Yuri Lavikaynenin fikrincə, Segey Lavrovun Finlandiya ilə İsveç haqqında söylədikləri xeyir-dua vermək kimi səslənsə də, çürümüş sözlərdir: “Bu siyasi kursda qeyri-adi heç nə yoxdur. Rusiya Ukraynanın da suverenliyinə hörmət etdiyini deyir, ancaq onun şərqində müharibə aparır”.
Rusiyanın hazırda daha çox Ukrayna ilə Gürcüstanı NATO yolundan çəkindirməyə çalışdığını, Finlandiya ilə İsveçə xüsusi diqqət ayırmadığını söyləyən Yuri Lavikaynen fikrini belə əsaslandırıb: “Ukrayna və Gürcüstan hətta Avropa Birliyinin də üzvü deyil. Görünür, Rusiya düşünür ki, belə ölkələrlə bağlı Qərblə razılığa gəlmək daha asandır. Kreml Qərblə bazarlıq edib Ukrayna və Gürcüstanı öz təsir dairəsində saxlaya biləcəyinə ümid edir. Ona görə indiki mərhələdə Ukraynanın NATO-ya üzv olmaq niyyəti Rusiyanı hər şeydən çox təşvişə salır”.