ABŞ-ın “Vaşinqton Post” qəzeti “Barıtı quru saxlamaq – Rusiyaya qarşı sanksiyalar məsələsində Qərbin bu siyasəti yürütməsi daha yaxşıdır” başlıqlı redaksiya məqaləsi dərc olunub. Novator.az saytı məqaləni ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
Rusiya Ukrayna ətrafında hərbi təhdidləri gücləndirməkdə davam edir. Əsgər və tank daşıyan 12 rus gəmisi Baltik limanlarından Aralıq dənizinə doğru hərəkətdədir və yaxın zamanda Ukraynaya yetişə bilər. Rusiya həmçinin hərbi təlimlər keçirmək adı ilə Belarusa yeni qoşun və döyüş təyyarələri göndərib.
Ancaq məsələnin siyasi yolla həllinə hələ ümid var: ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında son görüş danışıqların davam etdirilməsi vədi ilə yekunlaşıb. Bununla belə Rusiyanın Ukraynanı mühasirəyə alacağı ehtimalı da qalır.
İndi Moskvanın Ukraynaya hücumunun qarşısını necə almaq, bu mümkün olmasa, necə cavab vermək məsələsi həmişəkindən daha aktualdır.
Bu variantlar arasında ortaq məxrəc tapmaq asan deyil. Xüsusilə ona görə ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın və onun NATO-dakı müttəfiqlərinin həm qəbul edəcəyi, həm də qəbul etməkdən çəkinəcəyi qərarlardan öz aqressiv məqsədi üçün yararlana bilər və yəqin yararlanacaq da.
Bunu nəzərə alan Ukrayna prezidenti Vladimir Zelenski Putinin elə indi atdığı addımların cəzası kimi Moskvaya sərt iqtisadi sanksiyaların tətbiq olunmasına çağırır. ABŞ-ın Respublikaçılar Partiyasını təmsil edən bəzi qanunvericilər də Zelenski ilə eyni mövqedədir.
Zelenskinin yanaşması istər siyasi, istərsə də emosional baxımdan anlaşılandır. Amma bu, strateji cəhətdən optimal yol deyil. Blinkenin bu günlərdə CBS kanalına dediyi kimi: “Sanksiyaları tətbiq edəndə siz artıq çəkindirmək imkanlarından məhrum olursuz”. Blinken qeyd etməsə belə, yəqin onu da nəzərdə tutub ki, sanksiyalar məsələsi alyansı parçalayır, çünki avropalı müttəfiqlərin sanksiyalara qoşulacağı ehtimalı azdır.
Odur ki, Qərb barıtını quru saxlasa daha yaxşıdır. Bu, Rusiya hücum qərarı versə, sanksiya bombasının necə güclü partlayış törədəcəyini Moskvaya nümayiş etdirmək üçün də uyğun yoldur.
Bayden administrasiyası artıq bu istiqamətdə Putinə uğurlu mesaj göndərə bilib: Moskva Ukraynaya qoşun yeritsə, Vaşinqton mülki aviasiya, gəmiçilik və yüksək texnologiyalar sənayesində mühüm əhəmiyyət kəsb edən ehtiyat hissələrin, o cümlədən mikroçiplərin Rusiyaya satışını dayandıracaq.
Hazırkı anda ən vacibi Ukraynanın kifayət qədər müdafiə silahlarına malik olub-olmadığını və Rusiya işğal variantına əl atsa, Ukraynanın NATO-ya üzv qonşularının qaçqın axını, onların sərhədinə sıçraya biləcək mümkün hərbi əməliyyatlar kimi problemlərlə mübarizə apara bilib-bilməcəyini dəqiqləşdirməkdir.
Bayden administrasiyasının indiki mərhələdə düzgün balans qurduğunu demək mümkündür, hərçənd Ağ evin bir ara tərəddüd etməsinin Putini işğala həvəsləndirəcəyi sarıdan narahatlıq da doğurmuşdu.
Prezident Bayden Şərqi Avropaya əlavə qoşun, döyüş təyyarələri göndərməyi də nəzərdən keçirir. Fransa, Danimarka, İspaniya və Niderland artıq bunu edib. Bayden də belə etməlidir. Bu, müharibə yox, müdafiədir. Bu, 2014-cü ildə Rusiyanın Ukraynanın Krım yarımadasına və Donbas bölgəsinə təcavüzündən sonra Polşaya və Baltik ölkələrinə 5 min NATO əsgərinin yerləşdirilməsi missiyasının davamı, həmin missiyanın möhkəmləndirilməsi deməkdir.
Ukraynaya 180 tona yaxın silah-sursat göndərən Bayden administrasiyası NATO-dakı müttəfiqlərini, o cümlədən Böyük Britaniyanı və Baltik ölkələrini də Kiyevə hərbi yardım göstərməyə çağırır.
“Sülh istəyirsənsə, müharibəyə hazır ol” – köhnə məsəldir. Ola bilsin, Rusiya prezidenti müharibə məsələsində o qədər irəli gedib ki, NATO-nun hazırlığı yüksək səviyyəyə çatsa belə, tutduğu yoldan dönməyəcək. Amma diplomatiyanın Putini çəkindirəcəyinə azacıq da olsa şans varsa, ABŞ və müttəfiqləri o şansdan maksimum istifadə etməyə borcludur.
Mənbə: Washingtonpost.com