Məhbus siyasətçi Əli Əliyevin hüquqlarını müdafiə edən ictimai komitə bəyanat yayıb.
Novator.az bildirir ki, 1967-ci il təvəllüdlü Əli Əliyev biologiya elmləri namizədi, Azərbaycan Tibb Universitetinin müəllimidir. 2007-ci ildə dövlət qeydiyyatına alınmış Vətəndaş və İnkişaf Partiyasının sədridir.
Yasamal Rayon Məhkəməsi yanvarın 13-də ona 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm polkovnik-leytenant Emil Cəfərovun xüsusi ittiham qaydasında şikayəti əsasında çıxarılıb.
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə şikayətlərində siyasətçinin böhtana (yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yayma) görə məsuliyyətə cəlb olunmasını istəyiblər.
2021-ci il noyabrın 30-da Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar.
Ramin Ədilovun şikayəti üzrə qərar hələ çıxarılmayıb.
Əli Əliyevin hüquqlarını müdafiə edən ictimai komitənin bəyanatında onun saxta əsaslarla, qurama ittihamlarla cəmiyyətdən təcrid edildiyi qeyd olunur: “Bunu təkcə Əli Əliyevə qarşı deyil, fikir, söz, özünüifadə azadlığına, vətəndaşların cəmiyyətin və dövlətin siyasi həyatında maneəsiz iştirak etmək hüququna növbəti həmlə, müxalif mövqeyi ilə fərqlənən təsisatların, şəxslərin susdurulması cəhdi kimi dəyərləndiririk, repressiv mühitin daha da dərinləşdiyini, siyasi ağırlıqlı cinayət təqiblərinin tam adi xarakter aldığını vurğulayırıq.
Müdafiə komitəsi bildirir ki, Yasamal Rayon Məhkəməsində təqsirləndirilən şəxsin müdafiə hüququ pozulub, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi təmin edilməyib.
Əli Əliyev son dövrlər hakimiyyətin yürütdüyü siyasəti sərt tənqid edirdi. Şəksizdir ki, Əli Əliyevin daha əvvəl Baş Prokurorluğa dəvət edilərək əsassız xəbərdarlığa məruz qalması, bu nəticə vermədikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən jurnalist Elçin Rəhimzadə ilə birlikdə saxlanıb bir neçə saat dindirilməsi onun əqidəsindən dönməyə məcbur edilməsi məqsədi güdüb.
Müdafiə komitəsi olaraq tələb edirik ki, Əli Əliyevin azadlıq hüququ dərhal tanınsın, böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutan normalar dekriminallaşdırılsın, söz, fikir, rəy və ehtimallara görə təqiblər dayandırılsın.
Komitə Azərbaycan ictimaiyyətini Əli Əliyevin hüquqlarını fəal şəkildə müdafiə etməyə səsləyir, onun ətrafında cərəyan edən qanunazidd proseslərə laqeyd qalmamağa dəvət edir, həbsə dair siyasi sifariş verən hökuməti əsassız və qeyri-hüquqi təqibi aradan qaldırmağa çağırır”.
Müdafiə komitəsinə Vətəndaş və İnkişaf Partiyası sədrinin birinci müavini Cahan Əliyeva başçılıq edir.
Bəyanatı siyasətçilər, ictimai fəallar, hüquq müdafiəçiləri, yazarlar, jurnalistlər, sənət adamları imzalayıb.