Media hüquqçusu Ələsgər Məmmədli türkiyəli televiziya şərhçisi Sədəf Kabaşın həbsindən yazıb.
Sədəf Kabaş yanvarın 22-də ölkə prezidentini təhqir etmək ittihamı ilə tutulub.
Novator.az-ın məlumatına görə, Ələsgər Məmmədli qeyd edir ki, Sədəf Kabaş yanvarın 21-i “Tele 1” kanalında prezident Rəcəb Teyyub Ərdoğan barədə danışarkən “İribuynuzlu heyvan bir saraya girəndə o, kral olmaz, o saray tövlə olur” deyib: “Jurnalist el məsəlini dəyişərək “öküz” yerinə “iribuynuzlu heyvan” ifadəsi işlədib, özlüyündə ifadəni yumşaltmağa çalışıb, ancaq məsuliyyətdən yayına bilməyib.
İfadə azadlığı mütləq deyil, digər şəxslərin şərəf, ləyaqət və nüfuzunun qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. Eyni zamanda siyasətçilərin, ictimai xadimlərin tənqidi ifadə azadlığının çərçivəsi daxilindədir.
Konkret bir şəxsdən bəhs edərkən birbaşa ona “iribuynuzlu heyvan” ifadəsini yönəltmək həmin şəxsin təhqir olunması hesab edilə bilər. Çünki bu ifadə şərəf və ləyaqətə, nüfuza toxunan ifadədir.
Prezident kürsüsündə oturan şəxsin tənqidə və sərt tənqidə dözümlü olması gərəkdir. Lakin konkret şəxsə “öküz”, yaxud “iribuynuzlu heyvan” demək, onun oturduğu sarayı tövləyə bənzətmək tənqid sərhədini aşan və məsuliyyət yaradan ifadədir.
Məsuliyyətə gəlincə, demokratik cəmiyyətlərdə ifadə azadlığı çox önəmli hüquq, dəyər olduğundan onun balanslı məhdudlaşdırılması zəruridir. Sədəf Kabaşın ifadəsi məsuliyyət yaradır, lakin bu məsuliyyət cinayət məsuliyyət olmamalıdır. Cəza mülki məsuliyyətlə məhdudlaşmalıdır. Diffamativ ifadəyə görə şəxsi həbsə atmaq ifadə azadlığının pozuntusudur”.