Yanvarın 23-də Ermənistan prezidenti Armen Sərkisyanın istefa bəyanatı yayılıb. Novator.az bildirir ki, dövlət başçısı postundan ayrılmaq qərarını səlahiyyətlərinin azlığı, daxili və xarici siyasətdə rolunun yox dərəcəsində olması ilə əsaslandırıb.
Armen Sərkisyan 1953-cü ildə doğulub. Yerevan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və aspiranturasını bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.
1978-ci ildən Yerevan Dövlət Universitetində müəllim işləyib. 1984-1985-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində çalışıb. 1985-ci ildə Ermənistana qayıdıb və Yerevan Dövlət Universitetində fəaliyyətini davam etdirib.
Armen Sərkisyan 1992-1995-ci, 1998-2000-ci və 2013-2018-ci illərdə Ermənistanın Böyük Britaniyada səfiri olub, müxtəlif illərdə Ermənistanı Avropa İttifaqında, Belçika, Niderland, Lüksemburq və Vatikanda təmsil edib.
1996-cı ilin noyabrından 1997-ci ilin fevralınadək baş nazir postunu tutub.
Armen Sərkisyan 2018-ci il martın 2-si parlamentdə prezident seçilib, aprelin 9-da, Ermənistan parlament idarə üsuluna keçən gün and içərək səlahiyyətlərinin icrasına başlayıb.
Dövlət başçısı funksiyası daşıyan prezidentin səlahiyyət müddəti 7 ildir.
Ermənistan Konstitusiyasına görə, prezidentin parlamentə öz səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət hüququ var.
Dövlət başçısı parlamentin qəbul etdiyi qanunları 21 gün ərzində imzalayır və yaxud həmin müddət ərzində Konstitusiya Məhkəməsinə müraciət edir. Konstitusiya Məhkəməsi qanunun konstitusiyaya uyğunluğuna rəy versə, prezident 5 gün ərzində onu imzalamağa borcludur. Əks halda həmin qanunu imzalamaq hüququ parlament sədrinə keçir.
Yeni seçilmiş parlament fəaliyyətə başlayan gün prezident hökumətin istefasını qəbul edir. Nazirlər Kabineti üzvləri baş nazirin təqdimatı ilə təyin olunur.
Prezident xarici siyasət sahəsində bu səlahiyyətlərə sahibdir: hökumətin təqdimatı ilə beynəlxalq müqavilələr bağlamaq; baş nazirin təqdimatı ilə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələri təyin etmək və onları geri çağırmaq; xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik nümayəndələrinin etibarnaməsini qəbul etmək.
Prezidentin ratifikasiya tələb etməyən beynəlxalq müqavilələri hökumətin təqdimatı ilə təsdiq və ləğv etmək, baş nazirin təqdimatı ilə ali diplomatik rütbələr vermək səlahiyyəti də var.
Silahlı Qüvvələrlə bağlı səlahiyyətlər belədir: baş nazirin təqdimatı ilə qoşunların ali komandan heyətini vəzifəyə təyin və vəzifədən azad etmək; baş nazirin təqdimatı ilə ali hərbi rütbələr vermək.
Vətəndaşlıq məsələlərinin həlli, əfv, orden və medallarla, fəxri adlarla təltif prezidentin səlahiyyətidir.
Prezident parlamentin təsdiqi gecikdirilən halda bəzi vəzifələrə müvəqqəti icraçı təyin edə bilər.
Ermənistanda icra hakimiyyətinə baş nazir rəhbərlik edir. Bu postu Nikol Paşinyan tutur. 1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir, baş nazir postuna 2018-ci il mayın 8-də xalq hərəkatı dalğasında gəlib. 2018-ci il dekabrın 9-da onun “Mənim addımım” bloku, 2020-ci il iyunun 20-də Vətəndaş Sazişi Partiyası parlament seçkilərində qalib gələrək hökumət qurub.