AXCP sədri Əli Kərimli Bakının Şəhidlər xiyabanını ziyarətdən yazıb.
1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün paytaxt Bakıda qırğın törədib, 131 nəfər öldürülüb.
20 yanvar qırğınının 32-ci ili günü Bakının Şəhidlər xiyabanını ziyarət edən Əli Kərimli yazır ki, hakimiyyətin maneələri ilə üzləşiblər: “Mən bilirdim ki, ziyarət zamanı bizi yolda maksimum çox saxlamağa çalışacaqlar. Ona görə ziyarətə saat 16-da getdik. Bilirik ki, ziyarətə gələnlərin əksəriyyəti o vaxta qədər tədbirdə iştirak etmiş olur. AXCP üzvlərindən xahiş edilmişdi ki, sıxlıq yaratmadan gün ərzində ziyarətdə iştirak etsinlər. Elə də olmuşdu. Cəbhəçilər kiçik qruplarla Şəhidlər xiyabanını ziyarət edir, deyirdilər ki, yollar açıqdır, polis ziyarətçiləri ləngitmir.
Saat 16-da keçmiş Əzizbəyov dairəsinə gəldim. Öncədən planlamışdıq ki, Demokratik Qüvvələrin Milli Şurası və AXCP rəhbərliyindən cəmi 10 nəfər mənimlə birlikdə gedəcək. Dostlarla görüşəndə mənə məlumat verdilər ki, bizim gəlişimizdən 5-10 dəqiqə qabaq polis yolu kəsib. Ona görə də polis kordonu qarşısında təxminən 70-100 adam toplanıb.
Gəlib durduq polis kordonunun qarşısında. Bizdən sonra ziyarətə gələnlər yox idi. Arxamızda böyük bir küçə bomboş idi. Küçənin qarşısı da gözlə görünən məsafədə bomboş idi. Ancaq polis yolu kəsib bir neçə dəqiqədən bir 5 nəfəri ziyarətə buraxırdı. Beləliklə, soyuq və qarlı havada bizi yarım saata yaxın saxladılar. Cəbhəçi dostlar bizdən öndə və arxada bomboş olan küçənin şəkillərini çəkib sosial şəbəkələrdə paylaşdıqdan sonra bizi polis kordonundan buraxdılar. Ancaq mən bir neçə nəfərlə polis kordonunu keçən kimi yenidən yolu bağladılar. Mənimlə birlikdə gələn AXCP sədrinin müavini Seymur Həzini, Ali Məclisin Rəyasət Heyəti üzvləri Məmməd İbrahimi və Asif Yusiflini buraxmadılar. Onlar sonradan gəlib bizə qoşulmasınlar deyə yolu bağladılar və adamları ümumiyyətlə buraxmadılar.
AXCP rəhbərliyindən olan dostlarımız digər ziyarətçilər də əziyyət çəkməsin deyə polisə bildiriblər ki, onlar ziyarətdən imtina edirlər, digər ziyarətçilərin yolu açılsın.
Azərbaycan hakimiyyətinin cılızlığı bitmir. Bu adamlar nə hüzn günü, nə faciə, nə bayram anlayır. Bütün düşüncələri müxalifətlə, şəxsən bizimlə mübarizədir. Anlamırlar ki, ildən-ilə 20 yanvar ziyarətçilərinə yaratdıqları maneələr şəhidlərimizin ruhlarına hörmətsizlikdir və istiqlal, dövlət müstəqilliyi ideyasını sarsıdır. Anlamırlar ki, Moskvadan yeni imperiya hədələri gələn bir vaxtda müxalifətlə mübarizə aparmaq yox, xalqı milli istiqlal məfkurəsi ətrafında birləşdirmək olmalıdır hökumətin prioriteti. Anlamırlar ki, hər fürsətdə müxalifətə nifrət püskürmək məhz zəiflik əlamətidir. Özünə əmin olanlar nifrət etmirlər, qorxmurlar”.
Novator.az bildirir ki, 1965-ci il təvəllüdlü Əli Kərimli milli azadlıq hərəkatının öncül şəxslərindəndir.
Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-1993-cü illər) əvvəl Prezident Aparatının şöbə müdiri, sonra dövlət katibi vəzifələrində çalışıb.
1993-cü ildən AXC sədrinin müavini, daha sonra birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib.
AXCP-yə 2000-ci ildən rəhbərlik edir, sədr postunu 2001-ci ildən tutur. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvüdür.