Milli Məclisə sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanuna dəyişiklik layihəsi daxil olub. Layihə qanunun qüvvəsini 2023-cü il yanvarın 1-dək uzatmağı nəzərdə tutur.
Novator.az bildirir ki, 2015-ci il noyabrın 1-də rəsmiləşən qanun yoxlamaları (Baş Prokurorluğun korrupsiya cinayətlərinin araşdırılması üzrə apardığı yoxlamalar istisna olmaqla) iki il müddətinə dayandırıb. 2017-ci ildə müddət 2021-ci il yanvarın 1-dək artırılıb, ötən il buna daha bir il əlavə olunub.
Yasaq qanunu vergi yoxlamaları, maliyyə bazarları sahəsində yoxlamalar, gömrük auditi, özəl tibb fəaliyyətinin subyektlərində yoxlamalar, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, sahibkarlıq subyektlərinin elektrik, su və qaz sayğaclarına müdaxiləsi, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının araşdırılması ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarət, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparmaq imkanı verir.