Prezidentliyinin bir illiyi münasibətilə keçirdiyi mətbuat konfransında ABŞ-ın dövlət başçısı Cozef Baydenin səsləndirdiyi bir fikir səs-küyə səbəb olub.
Bayden deyib ki, son vaxtlar Ukraynanı işğalla təhdid etdiyinə görə Moskvaya qarşı nəzərdə tutulan sərt sanksiyalar Rusiya iri miqyaslı hərbi müdaxiləyə qərar verəcəyi halda keçərlidir; amma Rusiya Ukraynaya qarşı xırda müdaxilələrə getsə, bu, fərqli reaksiyalar doğura bilər, çünki xırda müdaxilələr baş verəcəyi təqdirdə Rusiya əleyhinə hansı tədbirlərin görülməsi məsələsində Qərbdə vahid yanaşma yoxdur.
Xırda müdaxilələr dedikdə nə nəzərdə tutulur? Mətbuat konfransında bu sualı cavablandırarkən ABŞ prezidenti deyib ki, o, Rusiya qoşunlarının sərhədi keçib ukraynalıları qətlə yetirməsi variantı ilə digər variantlar arasında qəti xətt çəkib. Cozef Baydenin cavabından belə anlaşılıb ki, xırda münaqişələr dedikdə söhbət Rusiya qoşunlarının Ukrayna torpağına soxulmayacağı, münaqişənin başqa formalarda davam etdiriləcəyi variantlardan gedir.
Baydenin Rusiyanın Ukraynaya müdaxiləsini kateqoriyalara bölməsi istər ölkə daxilində, istərsə də xaricdə, o cümlədən Kiyevdə bəzi narahatlıqlara və tənqidlərə səbəb olub.
ABŞ prezidentinin açıqlamasından dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib: “Böyük dövlətlərə xatırlatmaq istərdik ki, kiçik təcavüzlər və kiçik dövlətlər deyilən bir şey yoxdur”.
Bundan sonra Bayden bir növ onun sözlərinin ABŞ-ın Ukraynaya qarşı bəzi həmlələrə susqun yanaşacağı kimi yozulmasının qarşısını almaq üçün növbəti açıqlama ilə çıxış edib.
Mətbuat konfransının ertəsi günü Cozef Bayden Ağ evdə jurnalistlərə deyib ki, ABŞ Rusiya hərbçilərinin Ukrayna sərhədini istənilən formada keçməsini Ukraynaya hücum kimi dəyərləndirəcək və buna cavab olaraq sərt iqtisadi sanksiyalar tətbiq edəcək.
Bayden bunu Rusiya prezidenti Vladmir Putinin də nəzərinə açıq şəkildə çatdırdığını vurğulayıb: “Burada Putinin anlaya bilməyəcəyi heç nə yoxdur. Mən ona demişəm ki, Rusiyanin istənilən hərbi birləşməsinin Ukrayna sərhədini keçməsi işğal anlamına gələcək və biz buna sərt iqtisadi sanksiyalarla cavab verəcəyik. Mən məsələni müttəfiqlərimizlə ətraflı müzakirə etmişəm və prezident Putinə də çox aydın şəkildə bildirmişəm. Heç kimin qəti şübhəsi olmasın: Putin o addımı atsa, bu, Rusiyaya çox baha başa gələcək”.
Cozef Bayden 2020-ci ilin noyabrında keçirilən seçkidə qalib gələrək prezident seçilib. O, 2021-ci il yanvarın 20-də and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.
Mənbə: Washingtonpost.com