ABŞ prezidenti Cozef Bayden prezidentliyinin bir illiyi münasibətilə keçirdiyi mətbuat konfransında Ukrayna ətrafında yaranmış gərginlikdən də danışıb.
Novator.az-ın məlumatına görə, Bayden bildirib ki, Rusiya Ukraynanı işğal etməyə qərar versə, bu, İkinci Dünya müharibəsindən bəri Yer kürəsində ən acı nəticələrə gətirib çıxaracaq.
Bayden bir daha vurğulayıb ki, Ukraynanın işğalına qərar verilsə, ABŞ çox sərt iqtisadi sanksiyalara əl atacaq və həmin sanksiyalar Rusiyaya baha oturacaq.
Eyni zamanda Cozef Bayden qeyd edib ki, o, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya tam miqyaslı hərbi müdaxiləyə qərar verib-verməyəcəyini bilmir. Amma əmindir ki, belə bir qərar qəbul olunsa, bu, şəxsən Putinin qəbul etdiyi bir qərar olacaq, çünki Putindən savayı heç kim buna qərar verə bilməz.
Bəzi analitiklər hesab edirlər ki, Vladimir Putin Ukrayna ətrafında gərginlik yaratmaqla Qərbi, daha dəqiqi, Birləşmiş Ştatları və NATO-nu sınamaq istəyir. Mətbuat konfransında Cozef Bayden bildirib ki, o da belə düşünür. Amma bunu deyərkən Bayden bir daha xəbərdarlıq edib ki, Putinin sınaması real hərbi müdaxilə mərhələsinə adlasa, rus qoşunları Ukrayna torpağına soxulsa, Rusiya prezidenti peşman olacaq.
Mətbuat konfransında Bayden bir maraqlı fikir də səsləndirib. Bildirib ki, bu xəbərdarlıqlar, nəzərdə tutulan sərt sanksiyalar Rusiyanın Ukraynaya iri miqyaslı hərbi müdaxiləsinə aiddir; Rusiya Ukraynaya qarşı xırda müdaxilələrə getsə, bu, fərqli reaksiyalar doğura bilər, çünki xırda müdaxilələr baş verəcəyi təqdirdə Rusiya əleyhinə hansı tədbirlərin görülməsi məsələsində Qərbdə vahid bir yanaşma yoxdur.
Xırda müdaxilələr dedikdə nə nəzərdə tutulur? Suala cavabında ABŞ prezidenti deyib ki, o, Rusiya qoşunlarının sərhədi keçib ukraynalıları qətlə yetirməsi variantı ilə digər variantlar arasında qəti xətt çəkib. Cozef Baydenin cavabından belə anlaşılır ki, xırda münaqişələr dedikdə söhbət Rusiya qoşunlarının Ukrayna torpağına soxulmayacağı, münaqişənin başqa formalarda davam etdiriləcəyi variantlardan gedir.
Baydenin təxmininə görə, Putin qarşıdurmada maraqlıdır, o nə isə etməyə çalışır və edəcək. Amma ABŞ prezidenti Rusiya prezidentinin iri miqyaslı müharibənin başlanmasında maraqlı olduğuna inanmır.
Bununla belə Bayden hesab edir ki, Putinin atacağı addımlar müəyyən qədər də NATO-nun tutacağı mövqedən asılıdır. Ona görə ABŞ prezidenti NATO-nun bir mövqedən çıxış etməsini vacib sayır.
Cozef Bayden etiraf edib ki, Rusiyaya münasibətdə ABŞ-la NATO-dakı müttəfiqləri arasında fikir ayrılıqları var. Bayden həmin fikir ayrılıqlarını aradan qaldırmaq cəhdlərinin onun ən çox vaxt sərf etdiyi işlərdən olduğunu söyləyib.
1942-ci il təvəllüdlü Cozef Bayden 2020-ci ilin noyabrında keçirilən seçkidə qalib gələrək prezident seçilib. 2021-ci il yanvarın 20-də and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.
Mənbə: Whitehouse.gov