ABŞ Dövlət Departamentinin yüksək çinli məmuru Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda qərar qəbul edildiyini təsdiqləyib.
Novator.az bildirir ki, xəbəri ABŞ-ın “Associated Press” agentliyi yayıb.
Yanvarın 19-da ABŞ-ın dövlət katibi Entoni Blinken Ukraynaya səfər edib. Həmin gün Dövlət Departamentinin nümayəndəsi Kiyevdə “Associated Press”in əməkdaşına deyib ki, ABŞ-ın Ukraynaya 200 milyon dollarlıq hərbi yardım ayırması xəbəri doğrudur.
O qeyd edib ki, bu yardım Rusiyanın təhdidləri ilə üzləşmiş Ukraynanın müdafiəsini gücləndirmək məqsədilə ayrılıb.
“ABŞ Ukraynanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və Kiyevə zəruri yardımlarını davam etdirəcək” deyən Dövlət Departamentinin nümayəndəsi 200 milyon dollarlıq hərbi yardım qərarının ötən ilin dekabrında qəbul olunduğunu da təsdiq edib.
Ağ evin Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda qərar qəbul etdiyini ilk dəfə yanvarın 11-də CNN kanalı xəbər verib. Kanal bildirib ki, qərar 2021-ci ilin dekabrında qəbul olunub və Ağ ev bu barədə Konqresi, bəzi rəsmi şəxsləri yalnız 2022-ci ilin əvvəllərində, həm də məxfi qaydada, səssizcə məlumatlandırıb.
Yanvarın 19-dək bu məsələ ilə bağlı ABŞ Dövlət Departamentindən hətta anonim qaydada da şərh almaq mümkün olmayıb. Ona görə Dövlət Departamentinin yüksək çinli məmurunun, adının çəkilməsini istəməsə də, yanvarın 19-da Kiyevdə xəbəri “Associated Press”in əməkdaşına təsdiqləməsi yenilikdir. Təsadüfi deyil ki, agentlik Dövlət Departamenti nümayəndəsinin açıqlamasını 200 milyon dollarlıq hərbi yardım xəbərinin rəsmən təsdiqlənməsi kimi təqdim edib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
2021-ci ilin dekabr ayının 17-də Rusiya ABŞ-dan və NATO-dan Ukraynanın NATO-ya qəbul edilməyəcəyi, keçmiş sovet respublikaları ərazisində hərbi bazalar yaradılmayacağı barədə rəsmi zəmanət istəyib. 2022-ci il yanvarın 10-13-də Cenevrə, Brüssel və Vyana şəhərlərində Rusiya ilə aparılan danışıqlarda ABŞ və NATO bu tələbi rədd edib.
ABŞ-ın dövlət katibi Entoni Blinkenin yanvarın 19-dan başlanan Avropa səfəri birbaşa Ukrayna böhranı ilə bağlıdır. Səfərin ilk günündə o, Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Yanvarın 20-də Blinken Berlində Almaniya, Fransa, Böyük Britaniya rəsmiləri ilə, yanvarın 21-də isə Cenevrdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Mənbə: Apnews.com