20 yanvar qırğınının 32-ci ili yaxınlaşır.
1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələrinin bölmələri Azərbaycanda milli azadlıq hərəkatını yatırtmaq üçün paytaxt Bakıda qırğın törədib, 131 nəfər öldürülüb. Yanvarın 25-i Neftçalaya, 26-sı Lənkərana da qoşun yeridilib, hərbi təcavüz qurbanlarının sayı 147-yə yüksəlib.
Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli yazır ki, hökumət 20 yanvar günü Bakının Şəhidlər xiyabanına ziyarətə gələnlərə maneələr yaratmaq siyasətinə son qoymalıdır: “İzdihamlı 20 yanvar ziyarətləri şəhidlərimizin ruhuna sayğı nümayişi ilə yanaşı xalqımızın dövlət müstəqilliyinə verdiyi güclü dəstəyin ifadəsi kimi də qəbul olunub. Hər il 20 yanvar günü 100 minlərlə insanın öz istəyi ilə Şəhidlər xiyabanına ziyarətə gəlməsi dosta da, düşmənə də açıq mesaj idi ki, azərbaycanlılar müstəqillik naminə hansı qurbanlar verdiyini unutmayıb. Dost da, düşmən də mesaj alırdı ki, dövlət müstəqilliyinə təhlükə yaransa, bu xalq yenidən yumruq kimi birləşib ən böyük fədakarlığa hazır olar, ancaq heç vaxt dövlət müstəqilliyindən vaz keçməz”.
Əli Kərimli qeyd edir ki, 2014-cü ildən başlayaraq hakimiyyət müxalifətin hətta ziyarət mərasimlərində də kütləvi iştirakına imkan vermir: “Müxalifət tərəfdarları çox və təşkilatlanmış görünməsin deyə 20 yanvar ziyarətlərində, hətta Xocalı və Rəsulzadə ziyarətlərində də maneələr artırılıb. Həbslər, polis müdaxiləsi, yolları bağlamaqla saatlarla lüzumsuz ləngitmələr öz mənfi təsirini göstərib, 20 yanvar ziyarətinə gələnlər azalıb. Hakimiyyət siyasi qısqanclıq səbəbindən dövlət müstəqilliyinin təmənnasız və könüllü əsgərlərini pərən-pərən salıb.
Son illərdə pandemiya da hakimiyyətə əlavə fürsət verdi ki, 20 yanvar, Xocalı, Rəsulzadə (Novxanı) ziyarətlərinə gələnlərin yolunu kəssin.
Bu praktika dəyişməlidir. Biz hamımız görürük ki, keçmiş imperiyanın varisləri postsovet məkanını bir gün öz nüfuz dairələri, o biri gün evlərinin içi adlandırır. Qazaxıstana Rusiya ordusunun ildırımsürətli müdaxiləsi, Belarusun və Ukraynanın dövlət müstəqilliyinə təhdidlər, Rusiya ordusunun Qarabağa qədər gəlib çıxması bizi xalq olaraq dövlət müstəqilliyi ətrafında yenidən səfərbər etməlidir. Bunun üçün ən yaxşı imkan da xalqın 20 yanvar günü Şəhidlər xiyabanına izdihamlı yürüşünə mane olmamaqdır. Hakimiyyət davam edən pandemiyadan narahat olmasın. Necə ki, ötən il 27 sentyabrda – Anım günündə və 8 noyabrda – Zəfər günündə narahat olmamışdı, Şəhidlər xiyabanına ziyarətə gələnlərə maneə yaradılmamışdı. Mən hələ onu demirəm ki, 100 minlərlə Bakı sakininin yeni il gecəsi küçələrə çıxması da pandemiya qaydalarını “pozmamışdı”.
Ona görə də hakimiyyət dar siyasi maraqlarından yox, dövlət maraqlarından çıxış etsin. Bu il 20 yanvar ziyarətinə gələnlərə maneə yaratmasın! Xalqımız da sosial məsafəni gözləməklə gün ərzində 20 yanvar ziyarətinə hamılıqla qatılsın”.