Yasamal Rayon Məhkəməsi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevdən iki şikayətdən birinə baxışı yekunlaşdırıb. Yanvarın 13-də məhkəmə Əli Əliyevə 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. Hökm polkovnik-leytenant Emil Cəfərovun şikayəti əsasında çıxarılıb.
Novator.az bildirir ki, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları Emil Cəfərov və Ramin Ədilov Yasamal Rayon Məhkəməsinə eyni motivli şikayətlərində siyasətçinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasını istəyiblər. Həmin maddəyə görə, böhtan – yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 400 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
2021-ci il noyabrın 30-da Xızı rayonunda Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu qəzaya uğrayıb, 14 nəfər həlak olub, polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yüngül xəsarətlər alıblar. Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev internetdə yayılan bir müsahibəsində Emil Cəfərov və Ramin Ədilovun qəzaya uğramış vertolyotda olmadıqları iddiasını irəli sürüb. Hərbçilər bu iddianı şərəf və ləyaqətlərinin alçaldılması, nüfuzlarına zərbə sayaraq məhkəməyə üz tutublar.
Vətəndaş və İnkişaf Partiyası 2007-ci ildə dövlət qeydiyyatına alınıb.
1967-ci il təvəllüdlü Əli Əliyev biologiya elmləri namizədidir. 1989-cu ildən siyasi fəaliyyətlə məşğuldur. Azərbaycan Xalq Cəbhəsinin üzvü, Azərbaycan Milli İstiqlal Partiyasının liderlərindən olub.