Səbail Rayon Prokurorluğu siyasətçi Tofiq Yaqublunun şikayəti üzrə araşdırmanı bitirib. Novator.az-ın məlumatına görə, siyasətçi bildirir ki, ötən il dekabrın 1-i Bakıdakı 39-cu polis bölməsində və oradan çıxarılaraq kənarda işgəncəyə məruz qalması ilə bağlı şikayəti rədd olunub: “Səbail Rayon Prokurorluğunun müstəntiqi Hilal Abbasov baş verənlərdə cinayət tərkibinin olmadığını bəyan edərək cinayət işi qaldırmayıb. Bu qədər açıq cinayətin ört-basdır edilməsinin bircə adı var – göstəriş almış adamlar Tofiq Yaqublunu rahatca öldürə bilərlər və cəzasız qalacaqlarına əmin olsunlar”.
Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu ictimai-siyasi fəalların ötən il dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.
Üz-gözündən ağır xəsarətlər alan Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunub.
Səbail Rayon Prokurorluğu olayı dekabrın 3-dən araşdırırdı. Baş Prokurorluğun 12 yanvar məlumatında bildirilir ki, araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar təsdiqini tapmayıb, cinayət hadisəsi olmaması əsas gətirilərək toplanmış material üzrə cinayət işinin başlanması 2021-ci il dekabrın 30-da rədd edilib.
1 dekabr aksiyasında siyasətçinin qızı Nigar Həzi də iştirak edib, tutularaq Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, sonra atası da ora gətirilib. Nigar Həzinin sözlərinə görə, atası ona polis maşınında döyülə-döyülə gətirildiyini deyib. Az sonra polis kapitanı Tofiq Yaqublunu bölmənin girişindəki sağ yan dəhlizin ən son otağına aparıb: “Arxa qapıdan apararlar deyə mən də getdim. Kapitan ata ilə bərabər otağa daxil olanda mənə dedi ki, burada gözləməyin, biz sadəcə izahat alacağıq. Məni həmin otağın yanından uzaqlaşdırdılar. Ancaq gözümü qapıdan çəkmirdim. Bir müddət elə gözlədim”.
Nigar Həzi qeyd edir ki, Tofiq Yaqublunun aparıldığı dəhlizin sol tərəfindəki ilk otağa mülki geyimli iki-üç nəfərin keçdiyini görüb, ardınca özünü bölmənin rəisi kimi təqdim edən mülki geyimli şəxs onu oradan uzaqlaşdırıb: “Mən həmin otaqdan taqqıltı səsləri eşidirdim. Bölmənin digər polisləri də başlarını əyib o otağa sarı baxırdılar. Sonradan ata deyir ki, məni həmin otağa aparıb əlimi arxadan qandalladılar və döyməyə başladılar. Mən bundan xəbərsiz idim…
Daha sonra izahat almaq üçün məni sol tərəfdəki dəhlizə apardılar. İzahat alan polis məni otaqda xeyli saxladı. Həmin müddətdə atanı çoxdan polis bölməsindən çıxarıbmışlar”.
AXCP sədri, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Əli Kərimli Səbail Rayon Prokurorluğunun qərarına belə münasibət bildirib: “Bir aylıq “araşdırmadan” sonra prokurorluq orqanları Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi ilə bağlı hətta formal olaraq cinayət işi açmağa da ehtiyac görməyiblər. Xalqın gözü qarşısında baş vermiş bu boyda vəhşilikdə cinayət əlamətləri tapa bilməyiblər.
Bu ağır cinayətin dövlət səviyyəsində ört-basdır edilməsi Tofiq bəyə işgəncənin ölkə rəhbərliyinin sifarişi ilə verildiyini sübut etmirmi? Bu qədər adamın şahidi olduğu cinayət işinin ört-basdır edilməsi işgəncə aparatına “əlinizdən gələni edin, daha da qəddar olun, biz sizi qoruyacağıq” mesajı deyilmi? Hakimiyyətin hətta Tofiq bəy kimi tanınmış siyasətçiyə qarşı cinayəti belə saymazyana ört-basdır etməsi bütövlükdə topluma, xalqa qarşı hörmətsizliyin ifadəsi deyilmi?”
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.
Siyasətçinin qızı, müsavatçı Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.
Tofiq Yaqublu: müayinənin nəticəsi açıqlanıb
Prokurorluq Tofiq Yaqublunun döyülməsini araşdırır