Azərbaycanın ali dövlət mükafatı sayılan “Heydər Əliyev” ordeni başqa ölkələrin dövlət adamlarına da verilib. Novator.az təltif tarixlərinə nəzər salıb.
2005-ci ildə təsis edilən ordenlə 2007-ci il yanvarın 29-da Jak Şirak təltif olunub.
Şirak 1995-2007-ci illərdə Fransa prezidenti postunu tutub. 2019-cu il sentyabrın 26-da vəfat edib.
2008-ci il mayın 21-də Viktor Yuşşenko ordenə layiq görülüb.
Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti olub.
Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah ordeni 2009-cu il fevralın 9-da alıb.
2006-cı ildən Küveytə əmirlik etmiş Şeyx Sabah əl-Əhməd-əl-cabir əs-Sabah 2020-ci il sentyabrın 29-da dünyasını dəyişib.
Lex Kaçinski 2009-cu il iyunun 30-da təltif edilib.
2005-ci ildən Polşa prezidenti postunu tutmuş Lex Kaçinski 2010-cu il aprelin 10-da təyyarə qəzasında həlak olub.
Valdis Zatlersə orden 2009-cu il avqustun 10-da verilib.
Zatlers 2007-2011-ci illərdə Latviyaya prezidentlik edib.
Trayan Besesku 2011-ci il aprelin 18-də təltif olunub.
Besesku 2004-2014-cü illərdə Rumıniya prezidenti postunu tutub.
Georgi Pırvanov 2011-ci il noyabrın 14-də orden alıb.
Pırvanov 2002-2012-ci illərdə Bolqarıstana prezidentlik edib.
İmaməli Rəhman 2012-ci il iyulun 11-də təltif olunub.
1992-ci il noyabrın 19-da Tacikistan parlamentinin sədri postuna gətirilən, həmin gündən dövlət başçısı olan İmaməli Rəhman 1994, 1999, 2006, 2013 və 2020-ci illərdə prezident seçilib.
Abdulla Gül 2013-cü il noyabrın 11-də təltif edilib.
Gül 2002-2003-cü illərdə Türkiyənin baş naziri, 2007-2014-cü illərdə prezidenti olub.
Viktor Yanukoviç 2013-cü il noyabrın 17-də orden alıb.
Yanukoviç 2002-2005 və 2006-2007-ci illərdə Ukraynanın baş naziri olub, 2010-cu ildə prezident seçilib, 2014-cü il fevralın 22-də parlamentin qərarı ilə postundan uzaqlaşdırılıb və ölkədən qaçaraq Rusiyaya sığınıb.
Rəcəb Teyyub Ərdoğan 2014-cü il sentyabrın 2-də təltif edilib.
Ərdoğan 2003-cü ildən 2014-cü ilədək Türkiyənin baş naziri olub, 2014-cü və 2018-ci illərdə prezident seçilib.
Aleksandr Lukaşenko 2016-cı il noyabrın 28-də orden alıb.
Lukaşenko 1994-cü ildən Belarus prezidentidir.
Nursultan Nazarbayev 2017-ci il aprelin 3-də təltif olunub.
1989-cu ildən Qazaxıstana rəhbərlik edən Nursultan Nazarbayev 1990-cu ildən prezident postunu tutub. 2019-cu il martın 20-də dövlət başçısı postundan ayrılan Nursultan Nazarbayev 2022-ci il yanvarın 5-dək bəzi idarəçilik səlahiyyətlərini saxlayıb.
Serco Mattarella 2018-ci il iyulun 18-də təltif edilib.
Mattarella 2015-ci ildən İtaliya prezidentidir.
Heydər Əliyev 1969-1982-ci (Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi) və 1993-2003-cü illərdə (əvvəl Milli Məclisin sədri, sonra prezident) Azərbaycana rəhbərlik edib.