Novator.az Qazaxıstanın siyasi sisteminin bəzi məqamlarına nəzər salıb.
Ölkədə prezident idarə üsulu tətbiq olunur. Prezident dövlət başçısı, silahlı qüvvələrin ali baş komandanıdır. Ümumxalq səsverməsində sadə səs çoxluğu ilə seçilən prezidentin səlahiyyət müddəti 5 ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən çox prezident seçilə bilməz. Bu norma birinci prezidentə aid edilməyib.
40 yaşına çatmış, dövlət dilini bilən, ali təhsilli, son 15 ildə Qazaxıstanda yaşayan şəxsin prezidentliyə namizədlik hüququ var.
Prezident parlament palatalarına seçkilər təyin edir, qanunları imzalayır və ya onlara veto qoyur, parlamentin aşağı palatasının razılığı ilə baş naziri, baş nazirin təqdimatı ilə hökumət üzvlərini təyin edir. Xarici işlər, müdafiə və daxili işlər nazirlərinin təyinatı birbaşa prezidentin səlahiyyətindədir.
Milli Bankın sədrini, baş prokuroru, Milli Təhlükəsizlik Komitəsinin sədrini prezident parlamentin yuxarı palatasının razılığı ilə təyin edir.
Dövlət başçısının diplomatik təmsilçilər təyin eləmək, təltif və əfv etmək, rütbələr vermək və başqa səlahiyyətləri də var.
Qazaxıstan parlamenti iki palatadan ibarətdir. Aşağı palata – Məclis 107 deputatdan ibarətdir. Məclisin 98 deputatı ümumxalq səsverməsində proporsional üsulla (partiya siyahıları üzrə), 9 deputatı prezidentin yaratdığı məşvərətçi orqanın – Qazaxıstan Xalqı Assambleyasının iclasında seçilir.
Yuxarı palataya – Senata vilayət, respublika tabeli şəhərlər və paytaxtın hər birindən iki təmsilçi daxildir, 15 üzvü isə prezident təyin edir.
Məclisin səlahiyyət müddəti 5 il, Senatın səlahiyyət müddəti 6 ildir.
Qazaxıstan hökuməti prezident və parlament qarşısında cavabdehlik daşıyır. Yeni seçilmiş Məclis fəaliyyətə başlayanda hökumət istefa verir.
Ali Məhkəmənin üzvlərini və sədrini, insan hüquqları üzrə müvəkkili prezidentin təqdimatı ilə Senat seçir.
Qazaxıstanda seçkilərin və referendumların doğru-düzgün keçirilməsinə, qanunların, qərarların, beynəlxalq müqavilələrin konstitusiyaya uyğunluğuna Konstitusiya Şurası nəzarət edir. Konstitusiya Şurası 7 nəfərdən ibarətdir. Sabiq prezidentlər bu qurumun ömürlük üzvü sayılır.
Dövlət müstəqilliyini 1991-ci ildə qazanmış Qazaxıstanı 1989-cu ildən Nursultan Nazarbayev idarə edib. O, 1990-cı ildə parlamentdə, 1991, 1999, 2005, 2011, 2015-ci illərdə ümumxalq səsverməsində prezident seçilib. Nursultan Nazarbayev 2019-cu il martın 20-də istefa verəndən bəri Qasım-Comərd Tokayev dövlət başçısıdır.