Ağ ev Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göstərilməsi haqda məxfi qərar qəbul edib. Novator.az bildirir ki, xəbəri CNN kanalı yayıb.
Kanal xəbəri etibarlı mənbələrdən aldığını vurğulayıb, ad çəkməyib.
CNN-in açıqladığına görə, qərar 2021-ci ilin dekabrında verilib və Ağ ev bu barədə Konqresi, bəzi rəsmi şəxsləri yalnız 2022-ci ilin əvvəllərində, həm də məxfi qaydada, səssizcə məlumatlandırıb.
CNN qeyd edir ki, əvvəllər ABŞ Ukraynaya göstərdiyi hərbi yardımları ictimaiyyətdən, mediadan gizlətməyib. Lakin 2021-ci ilin dekabrında – Kiyevin yenidən Moskvanın təhdidi ilə üz-üzə qaldığı bir dövrdə ABŞ administrasiyası Ukraynaya 200 milyon dollar dəyərində hərbi yardım göndərmək qərarına gəldiyini gizli saxlamaq yolunu tutub. CNN kanalı üzə çıxardığı məlumata ABŞ Dövlət Departamentindən şərh ala bilməməsinin də buna dəlalət etdiyini vurğulayır.
Kanal hesab edir ki, 200 milyon dollarlıq hərbi yardımın Ukraynaya göndərilməsi hələ xeyli vaxt aparacaq, çünki ötən ilin yayında Ukraynaya ayrılmış 60 milyon dollarlıq hərbi yardıma daxil olan silah-sursatın və digər vasitələrin təyinat yerinə çatdırılması hələ indi-indi yekunlaşır.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləyib. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
Mənbə: CNN.com