Azərbaycan müxalifətinin bir hissəsini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana hərbi qüvvə yeritməsini pisləyib. Novator.az-ın məlumatına görə, bəyanatda qeyd olunur ki, KTMT-nin sənədlərində üzv dövlətlərdən hər hansı birinə yalnız həmin dövlət xarici hərbi müdaxiləyə məruz qalacağı təqdirdə hərbi yardım göndərilə biləcəyi yer alır: “Qazaxıstana hər hansı hərbi müdaxilə olmayıb, ona görə də KTMT-nin ora ordu göndərməsi hətta öz daxili nizamnamə qaydalarına əsasən qanunsuzdur.
Qazaxıstan Konstitusiyasına görə, dövlət başçısının hətta öz ordusundan belə xalqa qarşı istifadə etmək səlahiyyəti yoxdur. Bu baxımdan prezidentin başqa dövlətlərin ordusunu təkbaşına öz ölkəsinə çağırması səlahiyyət həddinin aşılmasıdır. Müvafiq dövlətlərarası saziş, parlamentin razılığı olmadan xarici ölkələrdən öz xalqına qarşı hərbi yardım almaq Qazaxıstanın suveren qanunvericiliyinə ziddir”.
Milli Şuranın qənaətinə görə, Qazaxıstanın dövlət suverenliyi bu şəkildə məhdudlaşdırılır, perspektivdə onun həm müstəqilliyi, həm də ərazi bütövlüyü üçün müəyyən təhlükələrin əlamətləri görünür: “Rusiyanın liderlik etdiyi KTMT xalqların seçmədiyi, dəstəkləmədiyi və dəyişdirilməsi istənən avtoritar liderlərin zor gücünə müdafiəsini öz üzərinə götürən bir quruma çevrilir. KTMT-yə üzv dövlətlər həm bir-birinin, həm də başqa dövlətlərin suveren hüquqlarına diqqətlə yanaşmalı, heç bir xalqın fundamental hüquqlarının pozulmasında vasitə olmamalıdırlar.
Qazaxıstanda kütləvi etirazların, sonradan zor müstəvisinə keçmiş qarşıdurmanın yaranmasına əsas səbəb ölkədə sosial problemlərin kəskinləşməsi və uzun illər ərzində hüquq və azadlıqların məhdudlaşdırılması olub. Qazax xalqı, Qazaxıstan hökuməti qarşılıqlı dialoq, bir-birini eşitmək yolu ilə ölkədə fundamental hüquqları, xüsusən də sərbəst toplaşmaq azadlığını, çoxpartiyalı sistemi, qanunun aliliyini, azad mətbuatı real surətdə təmin etməklə daxili problemlərini özləri həll etmək iqtidarında olmalıdır. Biz Qazaxıstanda xalqla hakimiyyət arasında hazırda yaşanan gərginliyə kənar müdaxilələri zərərli hesab edirik. Hesab edirik ki, ən qısa müddətdə kənar ordular Qazaxıstanı tərk etməli, Qazaxıstan öz problemlərini öz daxilində həll etməyi bacarmalıdır”.
2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasına tarixçi alim Cəmil Həsənli sədrlik edir. Şuranın Koordinasiya Mərkəzində AXCP sədri Əli Kərimli, Müsavat Partiyasından Tofiq Yaqublu, sabiq deputat Gültəkin Hacıbəyli və başqa müxaliflər təmsil olunur.
2022-ci ilin ilk günündə Qazaxıstanda maye qaz ikiqat bahalaşıb, bu, kütləvi etiraz aksiyalarına gətirib, hökumət qüvvələri ilə toqquşmalar, iğtişaşlarla müşayiət olunub. Yanvarın 5-də hökumət istefaya göndərilib, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib. Həmin gün prezident Qasım-Comərd Tokayev sabitliyin bərpası üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəyib. Yanvarın 6-dan başlayaraq KTMT-nin hərbi kontingenti Qazaxıstana yeridilib. Hərbi kontingentdə Rusiya, Belarus, Tacikistan, Qırğızıstan, Ermənistan orduları təmsil olunur.