Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının müraciətinə hələ baxmayıb. Partiya sədri Qubad İbadoğlunun yaydığı məlumata görə, İdarə Heyətinin 8 yanvar toplantısında bu məsələ müzakirə olunub, gələcək addımlar üçün qısa bir müddət də gözləmək razılığına gəlinib.
Novator.az bildirir ki, ADR Partiyasının təsis qurultayı 2021-ci il oktyabrın 17-də internet vasitəsilə keçirilib. 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılan partiyanın sənədləri 2021-ci il noyabrın 11-də dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə təqdim olunub.
Siyasi partiyanın qeydiyyatı üçün azı 1000 vətəndaş onun üzvü olmalıdır. Hazırda 58 siyasi partiyanın dövlət qeydiyyatı var.
ADR Partiyasının İdarə Heyətində bu şəxslər yer alır: Adil Qeybulla, Arifə Hüseynli, Ellada Məmmədli, Ədalət Yusub, Əlövsət Sadıqlı, Əlövsət Talışxanlı, Hüseyn Məlik, Rafiq Abdullalı, Rövşən Dəmirli, Rüfət Əliyev, Rüfət Muradlı, Samir Abbaslı.
Adil Qeybulla, Ədalət Yusub, Əlövsət Talışxanlı, Rüfət Muradlı, Samir Abbaslı partiya sədrinin müavinləri, Ellada Məmmədli İcra Aparatının rəhbəridir.
Qubad İbadoğlu 1971-ci ildə doğulub. İqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində və dünyanın bir çox ölkəsinin ali məktəbində dərs deyib, hazırda London İqtisadiyyat Məktəbinin professorudur.