Qazaxıstanda kütləvi etiraz aksiyaları keçirilir. Aksiyalar yanvarın 1-də maye qazın ikiqat bahalaşması fonunda başlayıb. Bəzi bölgələrdə hökumət qüvvələri ilə toqquşmalar yaranıb, həbslər aparılıb. Prezident Qasım-Comərd Tokayev yanvarın 5-də Almatı və Manqistau vilayətlərində fövqəladə vəziyyət elan edib, baş naziri və hökuməti istefaya göndərib.
Aksiyalarda siyasi şüarlar da səslənir, o cümlədən ölkənin birinci prezidenti Nursultan Nazarbayevin idarəçilikdən tam çəkilməsi tələb olunur.
Novator.az bildirir ki, 1940-cı il iyulun 6-da Almatı vilayətində doğulan Nursultan Nazarbayev 1979-cu ildən ali dövlət vəzifələri tutub, Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Nazirlər Sovetinin sədri olub.
1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi – respublika rəhbəri seçilib. 1990-cı ilin fevralından eyni zamanda Qazaxıstan Ali Sovetinin sədri postunu tutub.
1990-cı il aprelin 24-də parlamentdə prezident seçilib.
1991-ci il dekabrın 1-də Nursultan Nazarbayev ümumxalq səsverməsində yenidən prezident postuna mandat alıb. Həmin il dekabrın 16-da Qazaxıstan dövlət müstəqilliyini elan edib.
1995-ci il aprelin 29-da keçirilən referendumla Nursultan Nazarbayevin səlahiyyət müddəti 2000-ci ilə qədər uzadılıb.
Nursultan Nazarbayev 1999, 2005, 2011, 2015-ci illərin ümumxalq səsvermələrində prezident kürsüsünü qoruyub.
2019-cu il martın 20-də dövlət başçısı postundan öz istəyi ilə ayrılan Nursultan Nazarbayev hazırda Təhlükəsizlik Şurasının sədri, Konstitusiya Şurasının üzvüdür.
Nursultan Nazarbayev hakimiyyətdən gedən gün – 2019-cu il martın 20-də parlamentin yuxarı palatasının sədri Qasım-Comərd Tokayev Qazaxıstanın ikinci prezidenti elan edilib. Həmin il iyunun 9-da keçirilən prezident seçkisi Qasım-Comərd Tokayevin qələbəsi ilə başa çatıb.