2022-ci il Azərbaycanda unun qiymətində artımla başlayıb, bu, çörəyin də qiymətinə təsir göstərir.
Novator.az-ın məlumatına görə, iqtisadçı, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli dünyada taxılın, dənli bitkilərin qiymətində artım olduğunu vurğulayaraq yazır ki, Azərbaycanın illik təminatı üçün 4 milyon tona yaxın dənli bitkilər, o cümlədən 1,8 milyon ton ərzaq buğdası lazımdır: “Ölkədə istehsal olunan taxılın ən yaxşı halda 25-30 faizi ərzaq buğdası kimi istifadə edilir, qalanı xaricdən, əsasən də Rusiyadan alınır”.
AXCP sədri Əli Kərimli hökuməti daxili istehsalı artırmaq üçün iş görməməkdə günahlandırır: “Nəyə görə Azərbaycan istehlak etdiyi ərzaq buğdasının 70 faizinə qədərini xaricdən almalıdır? Budurmu saxtakarlıqla təriflənən kənd təsərrüfatı siyasəti?”
Siyasətçi qeyd edir ki, Azərbaycanda istehlak olunan buğdanın hətta hamısı ölkədə istehsal olunsa belə, qiymət artımı labüd idi: “2021-ci il ərzində dizel yanacağının qiyməti 33 faiz, gübrələrin qiyməti dəfələrlə artıbsa, buğdanın da maya dəyəri yüksəlir. İndiki su qıtlığı şəraitində – əkin sahələri çox yerdə motorla, nasosla suvarıldığı halda buğdanın maya dəyəri artmayacaqmı? Buğdanı becərən kəndlinin, fermerin aldığı, istehlak etdiyi hər şeyin qiymətinin qalxdığı şəraitdə buğdanın da qiymətinin qalxacağı gözlənən idi. Ancaq dövlətin ixtiyarı yoxdur axı xalqı çörəklə sınağa çəksin.
Ölkə əhalisinin real gəlirlərinin artmadığı şəraitdə buğdanın, unun, çörəyin, un məmulatlarının qiymətinin artması İlham Əliyev siyasətinin iflasıdır. Bu qiymət artımı həm də ölkədə azad rəqabətin olmamasının, monopoliya və korrupsiyanın dövlət siyasəti olmasının nəticəsidir.
Buğda istehsalı üçün ölkə daxilində azad rəqabətə əsaslanan əlverişli mühit yaradılana, ölkə vətəndaşları normal maaş, pensiya və müavinətlə təmin olunana qədər buğda istehsalçılarının və idxalçılarının artan xərcləri dövlət yardımı ilə kompensasiya edilməlidir. Xalqımız son illərdə mümkün olan hər şeyə qənaət edib. Daha qənaət ediləcək bir şey qalmayıb. Növbəti qiymət artımı dalğası durdurulmasa, ölkə əhalisinin əksəriyyəti yoxsullar təbəqəsinə aid olacaq. Bu isə dövlət üçün, gələcəyimiz üçün böyük təhlükələr yaradar”.