“Atamın alnı açıq, üzü ağdır”
- 04 Yanvar 2022
- comments
- Novator.az
- Posted in AktualManşetTribuna
“Azərbaycanın uzun müddətdir həbsdə olan sabiq baş prokuroru və səfiri doktor Eldar Həsənovun qızı Səbinə Hüseynova Prezident İlham Əliyevdən bu hiyləni pozmasını istəyir” – Türkiyənin Polemikhaber.com saytı Səbinə Hüseynovanın müsahibəsini belə bir girişlə yayıb.
Girişdəki təqdimata Səbinə Hüseynovanın bu sözləri də əlavə olunub: “Biz – Eldar Həsənovun ailəsi, övladları yalnız Prezidentimiz İlham Əliyevdən ədalətli yanaşma gözləyirik. Atamla bağlı həqiqətlərin cənab Prezidentə qərəzli şəkildə deyil, olduğu kimi məruzə ediləcəyinə inanmaq istərdim”.
Novator.az saytı müsahibəni Azərbaycan türkcəsinə çevirərək oxucuların diqqətinə çatdırır.
– Səbinə xanım, atanız Eldar Həsənov barəsində Azərbaycan və Türkiyə mediasında yazılanları yaxından izləyir, oxuyuruq. Atanızın günahsız olması və səhhətində ciddi problemlərin yaranması çox narahatlıq doğurur. Bu haqda nə deyə bilərsiniz?
– Həbs olunana qədər də atamın səhhətində ciddi problemlər vardı. İl yarım ərzində yaşadıqları və həkim müayinəsindən kənarda qalması səbəbindən isə onun səhhəti indi olduqca kritik həddə çatıb. Hər an onu itirə biləcəyimiz qorxusu ilə yaşayırıq. Atam hər gün 31 dərman qəbul edir.
– Türkiyədə bir çox ekspertlər, yazarlar və analitik mərkəzlər Eldar Həsənov məsələsinin siyasi məsələ olduğunu bildirir. Bununla bağlı nə deyə bilərsiz?
– Atam hələ 1992-ci ildə – Gəncə Şəhər Polis İdarəsinin rəisi işlədiyi, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda olduğu zaman öz mövqeyini açıq şəkildə ifadə etmiş, “Azərbaycanı yalnız Heydər Əliyev xilas edə bilər” demiş bir insandır.
O vaxtdan bu günə kimi üzləşdiyi haqsızılıqlara, qanunsuzluqlara, insanlığa sığmayan rəftara baxmayaraq atamın mövqeyi dəyişməz qalır. Biz Qarabağda böyük bir nəsli təmsil edirik. Rəhmətlik babamdan sonra nəslimizə ağsaqqallığı atam edir. Onun dediyi hər bir söz uşaqdan-böyüyə hamımız üçün qanundur. Bu səbəbdən bizim şəcərə atamın qoyduğu qaydaya – “Heydər Əliyev siyasətinə sadiq qalmalısınız!” qaydasına qeyd-şərtsiz əməl etməkdədir.
Atam öz mövqeyini sonuncu dəfə 2021-ci il dekabr ayının 25-də keçirilən məhkəmə prosesində ortaya qoydu. Məhkəmə iclasları bir neçə aydır davam edir. Bu müddətdə atam öz sədaqətini bütün varlığıyla, qəti şəkildə, bir neçə dəfə, özü də yalvarışla, məddahlıqla deyil, qürurla ifadə edib. Çünki atam təbiətən, xaraktercə cəsur, sözün düzünü birbaşa deyən insandır. Ona görə atamın İlham Əliyev siyasətindən savayı bir siyasəti olmayıb, indi də yoxdur.
– Bildiyimizə görə, atanızın Prezident İlham Əliyevlə çox yaxın münasibəti olub. Bəs nə üçün Prezident bu ədalətsizliklərə, qeyri-insani rəftara izn verir?
– Düz deyirsiniz, atamın Prezident İlham Əliyevlə hələ dövlət başçısı postuna gəlməmişdən xeyli əvvəl, 1993-cü ildən çox yaxın və səmimi münasibəti olub. Azərbaycanda bunu bilməyən yoxdur. Ötən il dekabrın əvvəllərində atamla görüşəndə mən də eyni sualı ona verdim.
Atamın cavabını olduğu kimi çatdırıram: “Qızım, amerikalıların belə bir sözü var: Əsas o deyil sən kimsən, əsas odur səni necə təqdim edirlər! Görünən budur ki, cənab Prezidentə çoxlu yalan, yanlış və uydurma məlumatlar veriblər və bunu fərqli bir formada təqdim etməyi bacarıblar. Ancaq mənim tanıdığım Prezident heç bir zaman “gedin qanunsuz yollarla, inandırıcı dəlil-sübutu olmayan, heç bir imza-iştirak olmayan məsələləri əsassız, uydurma ittihamlar kimi ortaya qoyun” deməz. Təəssüf ki, yanlış məlumatlar təsdiqini tapmayanda gedib həqiqəti çatdıran kimsə yoxdur. Mənim problemim budur”.
Atamın sözləridir bunlar.
Hətta Azərbaycandan göndərilən məktub və qərarlara əsaslanaraq 5 xarici ölkədə prokurorluq orqanları 6 ay ərzində atamla bağlı təhqiqat aparıb və hər bir ölkənin gəldiyi yekun nəticə rəsmi şəkildə Azərbaycan tərəfinə təqdim edilib. Beş ölkənin heç birində atamla və ya digər ailə üzvlərimizlə bağlı hər hansı qanunsuz fakt, hüquqazidd hərəkətə dair bircə sübut belə aşkarlanmayıb. Bu xüsusatı və atamın səhhətinin çox ağır olduğunu cənab Prezidentdən gizlədirlər. Problem də elə bundadır. Amma biz – övladları, ailə üzvləri və vəkilləri birbaşa cənab Prezidentə müraciət etmişik. Ailəmizin hörmət bəslədiyi, işğal altındakı torpaqlarımızı bizə geri qaytarmış Müzəffər Ali Baş Komandan İlham Əliyevin atamla bağlı ədalətli mövqe sərgiləyəcəyinə əminik.
– Azərbaycanda məhkəmə, mühakimə sistemi müstəqildirmi?
– Bəli, konstitusiyaya görə, Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlətdir. İnkişaf etmiş ölkələrdə olduğu kimi məhkəmə sistemi müstəqildir. Ancaq hər bir ölkədə olduğu kimi Azərbaycanda da öz məsuliyyətini tam dərk etməyən qərəzli məmurlar var.
– Keçmiş baş prokuroru, hüquq professorunu, 20 il səfir vəzifəsində çalışmış bir insanı cinayət məsuliyyətinə cəlb etmək asan məsələ deyil. Belə insanı mühakimə etmək, cəzalandırmaq çətindir. Bu haqda nə deyə bilərsiz?
– Dörd aydır atamın açıq məhkəməsi keçirilir. Pandemiya məhdudiyyətlərinə baxmayaraq nüfuzlu media nümayəndələri məhkəmə iclaslarında iştirak edirlər. Məhkəmə prosesləri qismən də olsa ölkə mediasında işıqlandırılır. Heç yadımdan çıxmaz, məhkəmə iclaslarının birində iki təcrübəli vəkil belə dedilər: “Eldar Həsənovun vəkilə ehtiyacı yoxdur”.
O, günahsız olduğunu sırf hüquqi yolla, faktlarla, dəlillərlə, məntiqlə sübuta yetirir. İrəli sürülən ittihamların tamamilə qanunazidd olduğunu, günahsız olduğunu özü və vəkilləri birmənalı şəkildə sübut edib. Dolayısıyla qeyd etdiyiniz kimi, bu, hakim və prokuror üçün də asan məsələ deyil. Atam çox mütaliəli adamdır. Fikrimi onun məhkəmədə söylədiyi bir sözlə bitirmək istəyirəm: “Tarixdə həmişə ədalətin bir üzü olub. Onun da adı elə Ədalətdir. Ancaq ədalətin nə zaman ortaya çıxacağı bir ayrı məsələdir!”
Mən ədalətin bərqərar olacağını düşünürəm, ancaq bir övlad kimi atamın sağlamlığı sarıdan çox narahatam. Allah eləməmiş, orada ona bir şey olsa, bu bizə böyük bir dərd olar.
– Atanıza qarşı edilən haqsızlıqlar onun siyasi baxışlarını, uzun illərdir üzvü olduğu hakimiyyətə münasibətini dəyişdiribmi?
– Xeyr. Qətiyyən! Əksinə, atam birmənalı, qəti şəkildə bizə bildirib ki, dövlətinə, Azərbaycan Prezidentinə sadiqdir. Atamı tanıyanlar yaxşı bilirlər ki, o, məddahlığa, riyakarlığa nifrətlə yanaşan bir insandır, hər hansı mövzuda nəyinsə xətrinə fikir söyləyənlərdən deyil. Bir qədər əvvəlki sualınıza cavabımda qeyd etdiyim kimi, o, 1992-ci il yanvarın 12-də öz əqidəsi ilə bağlı verdiyi qərara bu gün də sadiqdir.
– Azərbaycan hakimiyyətindən, Prezidentdən və məhkəmədən nə gözləyirsiniz?
– Biz – Edar Həsənovun ailəsi, övladları yalnız Prezidentimiz İlham Əliyevdən ədalətli yanaşma gözləyirik. Atamla bağlı həqiqətlərin cənab Prezidentə qərəzli şəkildə deyil, olduğu kimi məruzə ediləcəyinə inanmaq istərdim. Kreslolarını qorumaq üçün əvvəlki kimi yanlış məlumat verməsinlər.
– Atanızın əleyhinə baş verənlər kiminsə məqsəd və niyyətlərinə çatmaq üçün planlaşdırdığı bir təxribat ola bilərmi?
– Ola bilər deyəndə ki, bu, elə gerçəkdən belədir. Atam 39 il rəhbər vəzifələrdə çalışıb. Hər ölkədə olduğu kimi, onu da sevən, eyni zamanda sevməyən, öz mənafeyi naminə ondan qisas almaq istəyən ola bilər. Bu barədə bir söz söyləmək istəmirəm. Bildiyim yalnız bir həqiqət var: dövlətinin, Prezidentinin və millətinin yanında atamın alnı açıq, üzü ağdır.
Mənbə: Polemikhaber.com