Dekabrın 28-də prezident İlham Əliyevin Rusiyanın Sankt-Peterburq şəhərinə səfəri başlayıb. O, Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin görüşündə iştirak edəcək.
MDB 1922-ci ildə yaradılan, 1991-ci ildə çökən Sovet Sosialist Respublikaları İttifaqının qalıqları üzərində qurulub. Rusiya, Belarus və Ukrayna dövlət başçılarının 8 dekabr 1991-ci ildə imzaladığı sazişlə yaradılan MDB-yə həmin ilin 21 dekabrında Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, 1993-cü il dekabrın 9-da Gürcüstan da qoşulub.
Rusiyanın hərbi-siyasi təcavüzünə məruz qalan Gürcüstan 2008-ci ildə MDB-dən çıxmaq barədə nota verib. 2009-cu ildə Gürcüstanın MDB-dən ayrılması rəsmiləşib.
Rusiyanın hərbi-siyasi təcavüzü ilə üzləşən Ukrayna 2014-cü ildən başlayaraq MDB-nin tədbirlərini boykot edir və qurumdan ayrılmaq istiqamətində rəsmi qərarlar çıxarır.