AXCP sədri Əli Kərimli partiyanın məhbus fəalı Şahin Hacıyevdən yazıb.
Novator.az bildirir ki, 2021-ci il noyabrın 26-sı Gəncədə həbs edilən Şahin Hacıyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlamada ittiham edilir. Bu ittiham 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Əli Kərimli qeyd edir ki, AXCP Gəncə şöbəsinin üzvü olan Şahin Hacıyev tanınmış şahmat müəllimidir: “Azərbaycanın şahmat yığmasının bir neçə üzvü onun yetirməsidir. O, Türkiyədə də şahmat müəllimi işləyib.
Şahin bəy “Feysbuk”dakı sərt yazılarına görə dəfələrlə şərlənərək inzibati qaydada tutulub. Sonuncu dəfə onu narkotik ittihamı ilə şərləyib həbs ediblər. Şahin bəyi Gəncənin az qala yarısı tanıyır. Tanıyanlar yaxşı bilir ki, Şahin bəy siqaretdən də uzaq adamdır. Onu siyasi fəaliyyətinə görə şərləyiblər.
Hakimiyyət anlamalıdır ki, siyasi motivli həbslər təkcə günahsız insanlara acı yaşatmır, həm də hakimiyyətin özünə ciddi problem yaradır, xalqla arasındakı uçurumu dərinləşdirir, beynəlxalq təzyiqlərə səbəb olur. Şahin bəyin hələ məhkəməsi olmayıb. Hakimiyyət özündə güc tapıb bu səhvindən çəkilməli, Şahin bəyi azad etməlidir”.
AXCP-nin daha 6 üzvü həbsdədir. Onların 5-nə azadlıqdan məhrumetmə cəzası verilib.
2018-ci il mayın 25-də tutulan Aqil Məhərrəmov xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıqda və mütəşəkkil dəstənin cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum olunub.
2019-cu il oktyabrın 15-də tutulan Paşa Umudov satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıb.
2020-ci il aprelin 16-sı tutularaq 30 sutka inzibati həbs verilən, sonra cinayət məsuliyyətinə cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Niyaməddin Əhmədov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, terrorçuluğu maliyyələşdirmə; qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma; dövlət əleyhinə yönələn açıq çağırışlar etməyə hazırlıqda təqsirli bilinib.
Zamin Salayev 2020-ci il aprelin 20-də böhtan və təhqirdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ildə onun cəzası 6 ay azaldılıb.
2021-ci il avqustun 11-də tutulan Aqil Hümmətov ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb.
Mütəllim Orucov 2021-ci il oktyabrın 22-də həbs edilib. Ona satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə saxlama ittihamı verilib.