Çində uyğurlara qarşı soyqırımı cinayətlərinin əsas icraçısı Çen Syuanqo başqa işə keçirilib.
Novator.az saytı bildirir ki, 1955-ci il təvəllüdlü Çen Syuanqo Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvüdür. 2016-cı ildə o, Sincan Uyğur Muxtar Rayonu Partiya Komitəsinin rəhbəri vəzifəsinə də təyin olunub.
2021-ci il dekabrın 26-da ABŞ-ın “Röyters” agentliyi Çen Syuanqonun Sincan Uyğur Muxtar Rayonu Partiya Komitəsinin rəhbəri vəzifəsindən azad edildiyi haqda xəbər yayıb.
“Röyters” öz xəbərində Çinin rəsmi dövlət agentliyi “Sinxua”ya istinad edib.
“Sinxua” Çen Syuanqonun başqa işə keçirildiyini, onun yerinə Ma Sinjuyun təyin olunduğunu bildirib.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olan 1959-cu il təvəllüdlü Ma Sinjun bu təyinata qədər Quandun əyalətinin qubernatoru vəzifəsində çalışıb.
Çinin rəsmi dövlət agentliyi kadr dəyişikliyinin səbəbini, Çen Syuanqonun hansı işə keçirildiyini açıqlamayıb.
Birpartiyalı sistemin hökm sürdüyü Çin Xalq Respublikasını Kommunist Partiyası idarə edir.
2012-ci ilin noyabrından partiyanın baş katibi 1953-cü il təvəllüdlü Si Cinpindir. O həm də Çin Xalq Respublikasının sədri – dövlət başçısı, Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.
Si Cinpin hakimiyyətə gələndən ölkədə uyğurlara qarşı repressiyalar güclənib. Bu repressiyalar Çen Syuanqonun Sincan Uyğur Muxtar Rayonu Partiya Komitəsinin rəhbəri vəzifəsinə təyin olunduğu 2016-cı ildən daha amansız xarakter alıb. Bir neçə il ərzində Sincan Uyğur Muxtar Rayonunda neçə-neçə əsir düşərgəsi salınıb. İndi həmin düşərgələrdə milyon yarım uyğurun saxlandığı deyilir.
2021-ci ilin sonlarında almaniyalı alim Adrian Zents Çin Xalq Respublikasında hazırlanmış, 2014-cu ilin aprelindən 2018-ci ilin mayına qədər dövrü əhatə edən, heç yerdə işıq üzü görməmiş sənədlər üzə çıxarıb. Sənədlər göstərib ki, Sincan Uyğur Muxtar Rayonu Partiya Komitəsinin rəhbəri Çen Syuanqo həbs edilməli olan adamların hamısını bir yerə toplamaq barədə vəzifəli şəxslərə əmr verib. Onun əmrində bildirilib ki, Sincan bölgəsində peşə təlimi mərkəzləri (Çin hakimiyyəti uyğurların saxlandığı əsir düşərgələrini “peşə təlimi mərkəzləri” adlandırır) uzun müddət və fasiləsiz fəaliyyət göstərməlidir.
Beynəlxalq hüquq müdafiə təşkilatlarının bəyanatlarına əsasən, Sincan Uyğur Muxtar Rayonundakı düşərgələrdə uyğurlar və digər etnik azlıqların nümayəndələri qul kimi işlədilir, işgəncələrə, cinsi zorakılığa məruz qalır. Çin hökuməti uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
Bir sıra demokratik dövlətlər, o cümlədən ABŞ uyğurlara qarşı hərəkətləri soyqırımına cəhd kimi qiymətləndirir.
2021-ci il dekabrın 14-də ABŞ Konqresinin aşağı palatası (Nümayəndələr Palatası) Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanun qəbul edib. Dekabrın 16-da Konqresin yuxarı palatası (Senat) da yekdilliklə qanunu dəstəkləyib. Amerika şirkətlərinə Çində uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsulları almağı yasaqlayan bu qanun uyğurlara qarşı cinayətlərə yol vermiş Çinin yüksək vəzifəli şəxslərinə sanksiyalar tətbiqini də nəzərdə tutur. ABŞ prezidenti Cozef Baydenin imzası ilə qüvvəyə minən qanunda iki yerdə Sincan Uyğur Muxtar Rayonu Partiya Komitəsinin rəhbəri Çen Syuanqonun adı çəkilir.
Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində yaradılmış Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası nümayəndələrinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
Mənbə: Reuters.com