Məşhur filosof, politoloq Frensis Fukuyama hesab edir ki, Ukrayna ordusunun Türkiyə istehsalı olan “Bayraktar-TB2” dronları ilə silahlanması Rusiyaya ciddi təhlükə yaradır.
Novator.az-ın məlumatına görə, “Tarixin sonu və sonuncu insan”, “Güclü dövlət”, “Dövlət nizamı” kimi dünyada milyonlarla tirajla satılan kitabların müəllifi, yapon əsilli Amerika alimi, ABŞ-ın Stenford şəhərində yerləşən Demokratiya, İnkişaf və Qanunun Aliliyi Mərkəzinin əməkdaşı, professor Frensis Fukuyamanın açıqlaması Nonkonqun “Asia Times” onlayn platformasında dərc edilmiş “Ukrayna müharibəsində qalibi Türkiyə dronları müəyyən edə bilər” başlıqlı yazıda yer alıb.
Yazıda bildirilir ki, Rusiya istehsal etdiyi “Pantsir” hava hücumundan müdafiə sisteminin türk dronlarından üstün olduğunu vurğulayır. Rusiya iddia edir ki, bu yaxınlarda Suriyada “Pantsir”lə 40 ədəd “Bayraktar”ı məhv edib. Halbuki sübut kimi Suriyada yalnız vurulmuş bir türk dronu tapılıb.
“Asia Times” yazır ki, ruslar Suriya və Liviyadakı hərbi əməliyyatlarda istifadə etdikləri “Pantsir”in üstünlüyü ilə öyünürlər. Türklər və Frensis Fukuyama isə Suriya və Liviyada əməliyyatlarının əslində “Bayraktar”ın üstünlüyündən xəbər verdiyini vurğulayırlar, eyni zamanda “Bayraktar”ın ötən il Azərbaycana Ermənistanla apardığı 44 günlük müharibədə, son vaxtlar Efiopiya ordusuna Tiqray əyalətində üsyançılara qarşı döyüşlərdə qazandırdığı uğurlara diqqət çəkirlər.
Onların hansı haqlıdır? Sualın cavabında “Asia Times” yazır: “Rusiyanın Ukrayna ordusunun Donbas bölgəsində separatçılara dronlarla hücumunun qarşısını ala bilib-bilməyəcəyindən çox şey asılıdır. İndiyə qədər Ukraynanın Donbasa “Bayraktar”la ən azı bir uğurlu hücumu olub. Ukrayna ordusu “Bayraktar”ın köməyilə Donbasda Rusiyanın artilleriya qurğusunu məhv edib. Məlumata görə, “Bayraktar”la hücum Rusiyanın dəstəklədiyi separatçılar artilleriya atəşi ilə bir ukraynalı əsgəri öldürəndən, digərini isə yaralayandan sonra həyata keçirilib”.
“Asia Times”in yazısında deyilir ki, Rusiya 2015-ci ildə “Pantsir-C” sistemini Ukraynada separatçı qüvvələrin nəzarət etdiyi Donbas bölgəsində yerləşdirib. Sonradan Rusiya bu hərbi texnikanı bir qədər geri çəkərək ilhaq etdiyi Krım yarımadasına daşıyıb: “Bəzi analitiklər Rusiyanın tezliklə “Pantsir”i yenidən Donbasda yerləşdirəcəyini deyirlər”.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
Mənbə: Asiatimes.com