Fransa prezidentliyinə Respublikaçılar Partiyasının namizədi Valeri Pekres dekabrın 22-də Azərbaycanın Yuxarı Qarabağ bölgəsinə səfər edərək işğalçı rejimin rəsmiləri ilə bir araya gəlib.
Valeri Pekres Dövlət Şurasının auditoru, Fransa prezidentinin müşaviri olub, üç dəfə Fransa parlamentinin aşağı palatasının deputatı seçilib, Fransa hökumətində ali təhsil və elmi tədqiqatlar naziri, büdcə naziri postlarını tutub. İl-de-Frans bölgəsinin başçısıdır.
Fransada prezident seçkisi 2022-ci ilin may ayında keçiriləcək.
Azərbaycanın Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərləri, bir çox qəsəbə və kənd erməni işğalındadır, əraziyə, həmçinin Laçın şəhəri və rayonun 6 kəndinə bölgədə atəşkəsə məsul Rusiya Ordusu da nəzarət edir.
Novator.az-ın məlumatına görə, Respublikaçı Alternativ Partiyasının funksioneri Natiq Cəfərli yazır ki, Fransada 500 minə yaxın erməni yaşayır, onların 200-250 mini səsvermə hüquqludur: “Erməni diasporunun təsir edə biləcəyi başqa seçicilər də var. 70 milyona yaxın əhalisi olan ölkədə 400-500 min səsə görə siyasətçilərin özlərini oda-közə vurması, absurd bəyanatlar verməsi həm ikrah, həm də təəssüf doğurur.
Amma Azərbaycanın xarici siyasətində vacib ölkələrin seçicilərinə yönələn siyasət də yoxdur, çünki ölkədə seçki institutu yox dərəcəsindədir. Ona görə də Azərbaycan dövlətinin xarici ölkələrdə seçkilərə yönələn strateji yanaşması, taktiki addımları görünmür. Fransanın özündə türk-müsəlman seçicilərin sayı milyonlarcadır, doğru taktiki və strateji addımlarla həmin seçicilərin önəmini vurğulayıb Fransa siyasətçilərinin səs ovunun istiqamətini dəyişmək olar.
Türkiyə və Azərbaycan Avropada, ABŞ-da birgə lobbi strategiyası hazırlamalıdır, bu, qısa, orta və uzun müddətli addımlar alqoritmindən ibarət olmalıdır. Alqoritmlərin doğru çalışması üçün isə ilk növbədə həm Azərbaycanda, həm də Türkiyədə demokratik təsisatların, seçki institutunun önəmi, yeri və çəkisi artırılmalıdır ki, deməyə sözümüz, göstərməyə örnəyimiz olsun. Bundan sonra media, siyasətçilər, partiyalar, fikir adamları ilə iş qrafiki və prinsipləri müəyyənləşdirilməlidir. Başqa yol yoxdur, daha müasir və effektiv xarici siyasətə ehtiyac var, amma bu yeni xarici siyasət ancaq doğru daxili siyasətin davamı kimi olduqda uğurlu ola bilər”.