Moskva Ukraynaya qoşun yeritsə, Vaşinqton Rusiyaya smartfon satılmasını qadağan edə bilər. Bunu ABŞ-ın “Reuters” agentliyi yazıb.
Novator.az-ın məlumatına görə, agentlik bildirir ki, hazırda bu məsələ ABŞ prezidenti Cozef Baydenin administrasiyasında müzakirə olunur.
Tək smartfonların yox, bir sıra digər malların, o cümlədən avtomobil və aviasiya ehtiyat hissələrinin də Rusiyaya ixracının yasaqlanması məsələsi gündəlikdə durur.
Məlumatı “Reuters”ə ötürən mənbə deyib ki, bütün bunlar Ukrayna növbəti dəfə işğala məruz qalarsa Rusiyaya tətbiq ediləcək iqtisadi sanksiyaların tərkib hissəsi kimi nəzərdə tutulur.
Mənbə xatırladıb ki, əvvəlki prezident Donald Trampın dövründə ABŞ Çinin “Huawei” şirkətinə sanksiya tətbiq edib və əsas kimi bu şirkətin fəaliyyətinin Amerikanın milli təhlükəsizliklə bağlı maraqlarına zidd olduğu göstərilib. Ukrayna yeni işğala məruz qalsa, smartfonların və digər avadanlıqların Rusiyaya satışı da eyni əsasla yasaqlanacaq.
“Reuters”in məlumatına görə, ABŞ Avropa və Asiyadakı əsas tərəfdaşları ilə məsləhətləşmələr aparıb onları birlikdə hərəkət etməyə çağırmağı da planlaşdırır.
Dekabrın 7-də ABŞ-ın “Bloomberg” agentliyi məlumat yayıb ki, Ukraynaya qoşun yeridilsə, ABŞ və Avropa Birliyi Rusiyanın ən böyük banklarına, eləcə də Birbaşa İnvestisiya Fonduna sanksiyalar qoyacaq.
ABŞ-ın CNN kanalı sanksiyaların Rusiyanın enerji şirkətlərini, iri oliqarxlarını da əhatə edəcəyini xəbər verib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib. Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
“Bloomberg” agentliyinin məlumatına görə, Rusiyanın hazırda Ukrayna ilə sərhədə topladığı yüz mindən çox qoşun 2022-ci ildə üç istiqamətdən – Rusiya ərazisindən, ilhaq edilmiş Krım yarımadasından və Moskvanın yaxın müttəfiqi olan Belarusdan hücuma keçə bilər.
Moskva ilə Kiyev arasındakı gərginlik 2021-ci il dekabrın 7-də ABŞ prezidenti Cozef Baydenin Rusiya prezidenti Vladimir Putinlə video formatında keçirdiyi görüşdə əsas müzakirə mövzusu olub. Məlumatlara görə, Bayden son aylar Rusiyanın yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika topladığını xatırladaraq Putinə xəbərdarlıq edib ki, Ukraynaya növbəti hərbi müdaxilə olsa, ABŞ sərt iqtisadi sanksiyalara əl atacaq. ABŞ prezidenti deyib ki, budəfəki sanksiyalar 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan (həmin sanksiyalar indiyədək qüvvədədir) daha geniş, daha sərt olacaq və Rusiya iqtisadiyyatına çox böyük ziyan vuracaq.
Mənbə: Reuters.com