Koronavirusun ötən ay ilk dəfə Cənubi Afrikada aşkarlanmış omikron variantı artıq dünyanın 106 ölkəsinə yayılıb. Novator.az-ın məlumatına görə, Dünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı son hesabatında belə deyilir.
Hesabatda bildirilir ki, omikronun aşkarlandığı ölkələrdə virusun bu növünə yoluxanların sayı sürətlə artsa da, bəzi yerlərdə, xüsusilə ABŞ-da koronavirusa yeni yoluxmaların böyük hissəsi artıq omikronun payına düşsə də, hələ ki, dünya üzrə ümumi göstəricidə delta variantı üstünlük təşkil edir.
Amma omikron deltanı sıxışdırmaqdadır və son günlərin statistikası bunu təsdiqləyir.
Dünya Səhiyyə Təşkilatının hesabatına görə, bir həftə qabaq dünyada koronavirusa yoluxmaların 99,2 faizini delta variantı təşkil edirdi. İndi bu göstərici 96 faizə düşüb.
Bir həftə qabaq Yer üzündə koronavirusa yoluxmaların yalnız 0,4 faizi omikron variantının ucbatından baş verirdi. İndi bu göstərici 1,6 faizə qalxıb.
Omikrona yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin sayı hələ ki, azdır. Ancaq Böyük Britaniyada və Cənubi Afrikada omikron diaqnozu ilə xəstəxanaya yerləşdirilənlərin sayı artır ki, bu da Dünya Səhiyyə Təşkilatını ciddi narahat edir. Təşkilat son hesabatında bir daha omikronun riskli variant olduğunu diqqətə çatdırır.
İlk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək dünyada 5 milyon 384 mindən çox adamın ölümünə səbəb olub.
Dünya Səhiyyə Təşkilatı koronavirusun mutasiyalar nəticəsində əmələ gələn yeni növlərini yunan əlifbasındakı hərflərin adlarına uyğun adlandırır. Omikron – yunan əlifbasının 15-ci hərfinin adıdır.
Omikrondan başqa virusun beta (ilk dəfə 2020-ci ilin may ayında Cənubi Afrikada aşkarlanıb), alfa (ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkarlanıb), kappa (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), delta (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), qamma (ilk dəfə 2020-ci ilin noyabrında Braziliyada aşkarlanıb), lambda (ilk dəfə 2020-ci ilin dekabrında Peruda aşkarlanıb), eta (2020-ci ilin dekabrında eyni vaxtda bir neçə ölkədə aşkarlanıb), yota (2021-ci ilin noyabrında ABŞ-da aşkarlanıb) variantları var.
Bu siyahı COVİD-19 infeksiyasının bütün mutasiyalarını əhatə etmir. Virusun o qədər də narahatlıq doğurmayan, gələcək monitorinqlərə ehtiyacı duyulan, elmi ədəbiyyatda, məsələn, B.1.427, B.1.466.2, B.1.1.318, B.1.619, C.1.2 kimi ifadə olunan bu və digər növləri də var.
Dünya Səhiyyə Təşkilatının təsnifatında alfa, beta, qamma, delta və omikron variantları narahatlıq doğuran variantlar kimi qeyd olunub. Eta, yota, kappa, lambda variantları maraq doğuran variantlar kimi təsnif edilib.
Mənbə: CNN.com