Natiq Cəfərli
Azərbaycanın hökumət rəsmiləri, əsas da iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin qeyri-neft ixracında ciddi uğurlar olduğunu söyləyirlər. Doğrudan da mütləq rəqəmlərdə müəyyən artım var, amma bu əsasən ixrac mallarının təsnifatının dəyişdirilməsi nəticəsində əldə edilib. Real rəqəmlər tamam başqa mənzərəni göstərir.
2021-ci ilin 10 ayında Azərbaycan (hökumətin yeni təsnifatını nəzərə alsaq) 2 milyard 53 milyon dollarlıq qeyri-neft ixracı edib. Qonşu Gürcüstan isə 11 ayda 3 milyard 823 milyon dollarlıq ixrac həyata keçirib, ölkənin ixracı keçən ilə nisbətən 27,6% artıb.
Başqa maraqlı rəqəmlər də var. Bütün dünya ən böyük bazar olan Çin bazarında mal-məhsul satmağa çalışır, ağır bazardır, çünki yerli istehsal potensialı dünyada birincidir, amma Gürcüstan bu il həmin ölkəyə 538 milyon dollarlıq mal-məhsul satıb. Azərbaycanın isə bu il Çinə satdığı məhsulun dəyəri cəmi 135 milyon dollardır, bunun da çoxu xam neft və neft məhsullarıdır, Gürcüstan real sektor ixracatı həyata keçirir.
Gürcüstanda ixracatın adambaşına düşən həcmi 11 ayda 1028 dollardır, Azərbaycanda isə adambaşına düşən qeyri-neft ixracatı 10 ayda 201 dollar olub, yəni qonşu ölkə bizdən adambaşına 5 dəfə çox real sektor ixracatı həyata keçirir.
Hökumət papağını qarşısına qoyub düşünsün ki, kiçik, cəmi 3,7 milyon əhalisi olan, torpağının beşdə biri işğal olunmuş Gürcüstanın niyə bizdən daha çox real sektor istehsalı və ixracatı var. Özü də, yüngül desəm, Gürcüstan əhlinin işləməklə o qədər də arası yoxdur, Azərbaycan xalqı isə işgüzar, çalışqandır, daşdan pul çıxarandır, camaata hökumətin köməyindən daha çox mane olmaması lazımdır…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı