Koronavirusun omikron variantı ABŞ-da hegemonluq qazanıb. Ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son hesabatına görə, hazırda ABŞ-da koronavirusa yoluxmaların 73 faizi omikronun payına düşür.
Novator.az saytı “CBS News” kanalına istinadla xəbər verir ki, vur-tut bir həftə qabaq ABŞ-da omikrona yoluxmalar bundan altı dəfə az idi.
Omikronun koronavirusa yoluxmalarda qalan variantları, o cümlədən neçə vaxtdır dünyada yoluxmaların əsas hissəsini təşkil edən delta variantını üstələməsi Cənubi Afrika Respublikasında, Danimarkada, Böyük Briytaniyada da müşahidə olunur.
Omikron ötən ay ilk dəfə Cənubi Afrika Respublikasında aşkarlanıb. Alimlər ilk andan bəyan ediblər ki, bu, koronavirusun indiyədək bəlli növləri arasında ən yoluxucu variantdır. Omikronun hazırda delta variantını sürətlə sıxışdırması deyilənləri təsdiqləyir.
Omikron daha sürətlə yayılmağı bacarsa da, onun insanı virusun digər variantları ilə müqayisədə daha ağır formada xəstələndirməyə qadir olub-olmadığı hələ bilinmir. İlkin araşdırmalara əsasən, omikrona yoluxan hər yüz adam arasında xəstəxanaya düşənlərin sayı deltaya yoluxan hər yüz adam arasında xəstəxanaya yerləşdirilənlərin sayına çatmır.
Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb. Qısa müddətdə infeksiya dünyanı bürüyərək pandemiyaya çevrilib. Rəsmi statistikaya görə, indiyədək 276 milyona yaxın adam COVİD-19 virusuna yoluxub. Onların 5 milyon 378 min nəfərə yaxını vəfat edib.
Koronavirus infeksiyası dünyada aşkarlanandan az sonra sürətlə mutasiyaya uğramağa, yeni növləri əmələ gəlməyə başlayıb.
Dünya Səhiyyə Təşkilatı koronavirus variantlarını yunan əlifbasındakı hərflərin adlarına uyğun adlandırır. Omikron – yunan əlifbasının 15-ci hərfinin adıdır.
Omikrondan başqa virusun beta (ilk dəfə 2020-ci ilin may ayında Cənubi Afrikada aşkarlanıb), alfa (ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkarlanıb), kappa (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), delta (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), qamma (ilk dəfə 2020-ci ilin noyabrında Braziliyada aşkarlanıb), lambda (ilk dəfə 2020-ci ilin dekabrında Peruda aşkarlanıb), eta (2020-ci ilin dekabrında eyni vaxtda bir neçə ölkədə aşkarlanıb), yota (2021-ci ilin noyabrında ABŞ-da aşkarlanıb) variantları var.
Bu siyahı COVİD-19 infeksiyasının bütün mutasiyalarını əhatə etmir. Virusun o qədər də narahatlıq doğurmayan, gələcək monitorinqlərə ehtiyacı duyulan, elmi ədəbiyyatda, məsələn, B.1.427, B.1.466.2, B.1.1.318, B.1.619, C.1.2 kimi ifadə olunan bu və digər növləri də var.
Dünya Səhiyyə Təşkilatının təsnifatında alfa, beta, qamma, delta və omikron variantları narahatlıq doğuran variantlar kimi qeyd olunub.
Eta, yota, kappa, lambda variantları maraq doğuran variantlar kimi təsnif edilib.
Mənbə: Cbsnews.com