2021-ci il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi vertolyotu Xızı rayonundakı Qaraheybət aviasiya poliqonunda qəzaya uğrayıb, 14 hərbi qulluqçu həlak olub, iki hərbi qulluqçu yaralanıb. Dekabrın 20-də Baş Prokurorluq qəzanın istintaqı ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Aparılmış intensiv çoxsaylı istintaq hərəkətləri, ekspertiza və digər tədqiqatlarla müəyyən edilib ki, Dövlət Sərhəd Xidmətinin vertolyotu 30 noyabr 2021-ci il saat 10:16-da Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədəki aerodromdan havaya qalxıb. Vertolyot 17 dəqiqə 24 saniyə uçduqdan sonra saat 10:33-də Xızı rayonu ərazisindəki Qaraheybət təlim mərkəzində eniş edərkən qəzaya uğrayıb.
Qəzaya uğramış desant-nəqliyyat tipli vertolyot 2012-ci ildə Rusiyanın Kazan şəhərindəki zavodda istehsal olunub, müqavilə əsasında həmin ilin sonunda alınaraq istismara buraxılıb. İstehsal zamanı vertolyotun təchiz edildiyi uçuş parametrlərinin avtomatik qeydiyyat sistemi (“qara qutu”) ilə müqayisədə yaddaş tutumunun həcmi və daha çox parametrlər üzrə qeydiyyat apara bilmə xüsusiyyətlərinə görə yeni müvafiq sistem 2013-cü ildə verilmiş sifariş əsasında Çex Respublikasından alınaraq 2015-ci ildə quraşdırılıb. 2020-ci ilin sentyabr ayında müvafiq təlimata uyğun olaraq vertolyot texniki baxış və təmir üçün bağlanmış müqaviləyə əsasən Rusiyanın Saratov vilayətindəki zavoda göndərilib. 2021-ci ilin aprel ayında müvafiq texniki qulluq həyata keçirildikdən sonra vertolyot ölkəyə gətirilib, qəza baş verən günə qədər 116 saat uçuş həyata keçirib. Texniki baxış və təmirdən əvvəlki, habelə ondan sonrakı dövrdə istismar olunarkən hər hansı nasazlıq aşkar edilməyib”.
Məlumata əsasən, istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq vertolyotun istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər qəzaya səbəb olub: “Ekipaj heyəti vertolyot havaya qalxdıqdan 16 dəqiqə 59 saniyə sonra marşrut üzrə meydançaya eniş etmək qərarı qəbul edib, həmin vaxt sürət 141 km/saat, yer səthindən vertolyota qədər məsafə 101 metr olub. Uçuşun 17 dəqiqə 10-cu saniyəsində küləyin istiqamətinin düzgün nəzərə alınmadan eniş prosesinə başlanması nəticəsində vertolyotun uçuş parametrlərində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib və uçuş sürəti 0 km/saat, yer səthindən vertolyota qədər məsafə 89 metr qeydə alınıb. Bundan ötən qısa müddət ərzində pilotlar vertolyotu qəza vəziyyətindən çıxarmaq üçün cəhd etsələr də, buna nail ola bilməyiblər.
İstintaqla müəyyən edilib ki, vertolyotun pilotların səhvi nəticəsində idarəetmədən çıxdıqdan sonra qəzaya uğraması qısa zaman kəsiyində, yəni uçuşun 17 dəqiqə 17-ci saniyəsindən 24-cü saniyəsinədək olan müddət ərzində baş verib.
Qəzanın səbəbi pilotların hündürlüyü nəzərə almadan aparıcı pərin ümumi addım dəstəyini vaxtından əvvəl tam endirməsi, tanqaj bucağının (helikopterin burun hissəsinin yuxarı istiqamətdə üfüqi xəttə nəzərən dərəcəsidir) normadan çox artırılması, küləyin istiqamətinin və gücünün düzgün hesablanmaması olub, bu da mühərrikin dövrlər sayının, sürətin, hündürlüyün anidən azalması ilə idarə olunmaz halda olan vertolyotun quyruq hissəsinin pərinin (helikopterin tarazlığını saxlamaq funksiyasını yerinə yetirir) yerə dəyərək qırılmasına səbəb olub, daha sonra vertolyotun sağ qanadında döyüş sursatının saxlanması üçün nəzərdə tutulan hissəsi yerə dəyərək sınıb, bundan sonra sol tərəfi üstə yerə dəyərək sürüşüb, hərəkətdə olan aparıcı pərin təsirindən vertolyot yerdən aralanaraq yenidən sol tərəfi üstə zərbə ilə yerə dəyib və sürtünmənin təsirindən yanacaq çənlərindən qaynaqlanan partlayış və yanğın baş verib.
Aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən, qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub.
Qəzaya uğramış vertolyotun zərbə ilə yerə dəyməsi səbəbindən sol qapısı və alın şüşəsi yerindən çıxıb, zərbələrin təsirindən 4 nəfər çölə atılıb, onların 2-si aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölüb, digər 2-si sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar”.