ABŞ prezidenti Cozef Bayden Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunun qəbul edilməsini alqışlayır. Novator.az-ın məlumatına görə, bunu Ağ evin mətbuat katibi Cen Psaki bəyan edib.
Qanun ABŞ Konqresinin Nümayəndələr Palatasında dekabrın 14-də yekdilliklə qəbul olunub.
Çində uyğurların məcburi əməyə cəlb olunması yolu ilə istehsal edilən məhsullara qadağa qoyan yeni qanunun tələbinə görə, Amerika şirkətləri xaricdən aldıqları malların qul əməyi ilə hazırlanmadığına dair sübut təqdim etməlidir.
Qanun Amerika şirkətlərinin nəinki tam, qismən məcburi əməkdən istifadə olunmaqla hazırlanmış məhsullar almasını da yasaqlayır.
Hesab edilir ki, ABŞ şirkətləri qarşısında belə bir tələbin irəli sürülməsi uyğurları əsir düşərgələrində qul kimi işlədən və ixrac etdiyi mallarla bağlı standartların sərtləşdirilməsindən çəkinən Çinin iqtisadiyyatına ciddi ziyan vuracaq.
“Nyu-York Tayms” qəzetinin məlumatına görə, Amerikanın bir sıra transmilli şirkəti, o cümlədən “Nike” və “Coca-Cola” bu qanunun qəbuluna uzun müddət müqavimət göstərib. Çünki həmin şirkətlərin Çində istehsal müəssisələri var. Hüquq müdafiəçiləri bu tipli müəssisələrdə uyğurların zorla işlədildiyini dəfələrlə bəyan ediblər.
Nümayəndələr Palatası uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanuna Senatda da baxılmalı, bunun ardınca sənədi ölkə prezidenti imzalamalıdır.
Ağ evin mətbuat katibi Cen Psaki deyib ki, prezident Cozef Bayden Çində uyğurların məcburi əməyə cəlb olunmasının qarşısını almağa yönəlmiş qanunu alqışlayır və onu hökmən rəsmiləşdirəcək.
Uyğurlar əsasən Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Rayonunda yaşayırlar. Bura guya etnik özünüidarəetmə rayonudur, əslində isə muxtariyyət tam formal xarakter daşıyır. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
Sincan Uyğur Muxtar Rayonunda milyon yarımdan çox uyğur əsir düşərgələrində saxlanır.
2021-ci ilin yanvarında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub.
Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları dəfələrlə bəyan ediblər ki, Çin hökuməti uyğurlara münasibətdə insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.
2021-ci ilin noyabrında ABŞ-ın Holokost Memorial Muzeyi Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlı hesabat yayıb.
Hesabatda Çin hökumətinin Sincan Uyğur Muxtar Rayonunda yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. Hesabat müəllifləri Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar. Hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı vurğulanıb.
Holokost Memorial Muzeyi Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutub və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıb.
2021-ci ilin oktyabrında Milli Basketbol Assosiasiyasının (bu assosiasiya Şimali Amerikanı əhatə edir) ulduzu, əslən Anadolu türkü olan, 1992-ci ildə İsveçrənin Sürix şəhərində doğulan, hazırda ABŞ-ın “Boston Seltiks” basketbol komandasında oynayan Enes Kanter “Nike” şirkətini Çində uyğurlara qarşı repressiyalara göz yummaqda ittiham edib.
“Şarlott Hornets” komandası ilə matça üzərində “Müasir quldarlıq” və “Bəhanələrə yox!” yazılmış idman ayaqqabılarında çıxan Enes Kanter eyni zamanda “Twitter” hesabında “HypocriteNike” (Riyakar “Nike”) və “EndUyghurForcedLabor” (Uyğurların istismarına son qoyulsun) həştəqlərı ilə video yayıb.
Videoda o, “Nike” şirkətini Çində türklərin, yəni uyğurların istismar olunmasını sükutla qarşılamaqda günahlandıraraq deyib: “Amerikada ədalətsizliyə gələndə səs-küy salırsınız, ancaq Çindəki ədalətsizliyə susursunuz. Çin polisinin qəddarlığı barədə bir kəlmə dinmirsiniz, bu ölkədə etnik azlıqların sıxışdırılmasına etiraz səsinizi yüksəltməkdən qorxursunuz”.
Ulduz basketbolçu CNN kanalına da açıqlama verib. O deyib: “Heç bilirsiniz ayaqqabılarınızı Çində kim hazırlayır? İnsanların məcburi əməyə cəlb olunması ayaqqabı sənayesini korlayıb. Çində bu üsulun tətbiq edildiyi, məsələn, uyğurların zorla işlədildiyi fabriklər çoxdur. Bu, müasir quldarlıq deməkdir. Milyonlarla uyğur tutulur, qul kimi satılır, əmək düşərgələrinə, həbsxanalara, zavodlara işləməyə göndərilir. Onlar ağır şərtlər altında, şəraitsiz məkanlarda xüsusi nəzarət altında gün boyu çalışırlar.
Hər dəfə “Nike” şirkətinin ayaqqabılarını ayağınıza keçirəndə, köynəklərini əyninizə geyinəndə onları hazırlayanların çəkdiyi zülmü, göz yaşlarını unutmayın, bilin ki, bu ayaqqabılar, köynəklər qana bulaşıb”.
Mənbə: Newsweek.com