Prezident İlham Əliyev dekabrın 14-ü Brüsseldə NATO-nun baş katibi ilə birgə keçirdiyi mətbuat konfransında Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yol məsələsinə toxunub. O qeyd edib ki, həmin yolun – Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır: “Bu gün Laçın dəhlizində gömrük yoxdur. Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik”.
Novator.az-ın məlumatına görə, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu bununla şərhində Laçın dəhlizi ilə Zəngəzur nəqliyyat xəttinin eyni missiyalı və statuslu olmadığını vurğulayır: “Laçın dəhlizi Ermənistanı Yuxarı Qarabağla (Azərbaycanla), Zəngəzur xətti Azərbaycanı Naxçıvanla (Azərbaycanla) birləşdirmək üçündür. Birinci halda bir ölkə başqa ölkənin ərazisinə girir və Yuxarı Qarabağ Ermənistanla faktiki eyni məkanda qalır.
İkinci halda Azərbaycan Ermənistan ərazisindən tranzit olaraq istifadə edir, başlanğıc Ağbənd qəsəbəsi (Azərbaycan), yekun dayanacaq Culfa rayonudur (Azərbaycan).
İkincisi, Laçın yolu 5 kilometr enində dəhlizdir, Ermənistan oradan sərbəst istifadə edib istənilən yükü daşıya bilir. Zəngəzur dəhlizi isə dəmiryol və avtomobil xətti ola bilər ki, bu da yük və sərnişin daşımalarına xidmət etsə də, həmin xətt boyunca dayanacaqlar nəzərdə tutulmur.
Nəhayət, tutaq ki, ermənilər Zəngəzur dəhlizinə post qoymadılar, onda biz də Laçın dəhlizini nəzarətsiz buraxacağıq? Bu nə məntiqdir?”
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələri, eləcə də Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Yuxarı Qarabağa və Ermənistana gedən Laçın yoluna Rusiya hərbi kontingenti yeridilib.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin imzaladığı atəşkəs bəyanatı bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. Sənədə görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılmalıdır.
2021-ci il yanvarın 11-də Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Moskvada imzaladığı birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
2021-ci il noyabrın 26-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş nazirinin Soçidə imzaladığı birgə bəyanata əsasən, Azərbaycan-Ermənistan dövlət sərhədinin dəqiqləşdirilməsi üzrə ikitərəfli komissiya yaradılması şərti kəsilib.
2021-ci il dekabrın 14-də Azərbaycan prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Ermənistanın baş naziri Brüsseldə bir araya gəliblər. İki ölkə dövlət sərhədinin delimitasiyası ilə bağlı müvəqqəti işçi qrupun yaradılması razılığına gəlib. Ermənistan Zəngəzur ərazisindən dəmir yolunun çəkilişinə tezliklə start verməyə boyun olub, burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması razılaşdırılıb.