ABŞ-ın “Bloomberg” agentliyi 2022-ci ildə gözlənən əsas iqtisadi riskləri açıqlayıb.
Novator.az saytı xəbər verir ki, ilk növbədə koronavirusun omikron variantına diqqət çəkilir. Bildirilir ki, omikron daha yoluxucu və ölümcül olsa, bu, iqtisadi artıma çox mənfi təsir göstərəcək. Ölkələr məcbur olub məhdudiyyətlər tətbiq edəcək. Nəticədə qlobal iqtisadi artım 4,2% azalacaq. Logistika sahəsində böhran bitməyəcək. Bu da tələb və təklifin səviyyəsində ciddi mənfi izlər buraxacaq.
Digər risk yüksək inflyasiya ilə bağlıdır. 2021-ci ilin əvvəlində ABŞ-da ilin sonuna kimi inflyasiyanın 2% təşkil edəcəyi proqnozlaşdırılmışdı. İndi bu göstərici 7%-ə yaxınlaşıb.
Ekspertlər inflyasiyanın 2022-ci ilin sonunadək yenidən hədəf götürülmüş səviyyəyə (2%) qayıdacağını proqnozlaşdırsalar da, yenə bir “əmma” var: omikron variantı. Koronavirusun bu növü dünyanı çətinliyə salsa, inflyasiya proqnozu yenidən ötə bilər.
Rusiya ilə Ukrayna arasındakı gərginliyin yarada biləcəyi iqtisadi riskə gəlincə, bu özünü qazın bahalaşmasında və qlobal iqtisadi tempin yavaşımasında büruzə verə bilər.
İqtisadi inkişafı zəiflədən daha bir faktor iqlim dəyişikliyidir. İqlim dəyişikliyi, daha dəqiqi, anomal hava şəraiti ərzağın indən belə də bahalaşması və inflyasiyanın güclənməsi riskini yaratmaqdadır.
Daha bir risk ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini qaldıra biləcəyi ilə bağlıdır. Uçot dərəcəsi qaldırılsa, Argentina, Cənubi Afrika Respublikası, Türkiyə, Braziliya və Misir də daxil olmaqla inkişaf etməkdə olan ölkələrin bazarları ciddi ziyan çəkəcək.
Hazırda Çin iqtisadiyyatı da çətin dövrünü yaşayır. 2021-ci ildə bu ölkə ən aşağı iqtisadi artım tempi ilə üzləşib. İl ərzində Çin iqtisadiyyatında artım 0,8% təşkil edib. Halbuki əvvəlki illərdə ölkədə ümumi daxili məhsul 6% artmışdı.
2021-də Çin iqtisadiyyatını pandemiya məhdudiyyətləri, elektrik enerjisi çatışmazlığı və daşınmaz əmlak bazarındakı uzuclaşma zəiflədib. Ekspertlər 2022-ci ildə Çində enerji böhranının xeyli aradan qalxacağını və 5,7%-dək iqtisadi artım olacağını proqnozlaşdırırlar.
“Bloomberg” geosiyasi durumun dünya iqtisadiyyatına təsir edən başlıca amillərdən biri olduğunu xatırladır və bildirir ki, Çinlə Tayvan arasındakı blokada siyasətinin, daha pisi – Çinin Tayvana qoşun yeritməsinin doğura biləcəyi istənilən gərginlik ABŞ da daxil olmaqla digər dünya güclərini prosesə cəlb edə bilər. “Böyük güclərin müharibəsi” isə dünyanın iki ən böyük iqtisadiyyatı, yəni Çin və ABŞ iqtisadiyyatları arasında əlaqələri dondura biləsi bir hadisədir. Tayvan smartfonlardan tutmuş avtomobillərə qədər bir sıra mallar üçün zəruri olan yarımkeçiricilərin qlobal miqyasda istehsalçısı sayılır. Tayvanla Çin arasındakı gərginlik və yaxud açıq silahlı toqquşma bu baxımdan dünyada ciddi böhran yaratmaq iqtidarındadır.
Mənbə: Bloomberg.com