Koronavirusun ötən ay ilk dəfə Cənubi Afrika Respublikasında aşkar edilən omikron variantı artıq dünyanın 70-dən çox ölkəsinə yayılıb.
Novator.az saytı xəbər verir ki, bu ölkələr sırasında Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan və Rusiya da var.
Avropa İttifaqının üzvü olan 27 ölkənin 25-də (Fransa, Almaniya, İtaliya, Çexiya, Hollandiya, Polşa, Portuqaliya, İspaniya, Norveç, İsveç, Latviya, Estoniya, Yunanıstan, Slovakiya və sair) omikron variantına yoluxmalar qeydə alınıb.
Şimali Amerika qitəsində ABŞ və Kanadada, Cənubi Amerikada Braziliyada omikrona yoluxanlar var.
Hindistan, Pakistan, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya da omikronun yayıldığı ölkələrdəndir.
Dünya Səhiyyə Təşkilatı omikronu riskli variant sayır. Təşkilatın ekspertləri koronavirusun bu növünün bir şəxsdən digərinə ötürülmə sürətinin çox güclü olduğunu bildirirlər.
Koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çində üzə çıxıb. Qısa müddətdə infeksiya dünyanı bürüyərək pandemiyaya çevrilib. Rəsmi statistikaya görə, indiyədək 271 milyondan çox adam COVİD-19 virusuna yoluxub. Onların 5 milyon 331 mindən çoxu vəfat edib.
Koronavirus infeksiyası dünyada ilk dəfə aşkarlanandan az sonra sürətlə mutasiyaya uğramağa, yeni növləri əmələ gəlməyə başlayıb.
Dünya Səhiyyə Təşkilatı koronavirus variantlarını yunan əlifbasındakı hərflərin adlarına uyğun adlandırır.
Omikron – yunan əlifbasının 15-ci hərfinin adıdır.
Omikrondan başqa virusun beta (ilk dəfə 2020-ci ilin may ayında Cənubi Afrikada aşkarlanıb), alfa (ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada aşkarlanıb), kappa (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), delta (ilk dəfə 2020-ci ilin oktyabrında Hindistanda aşkarlanıb), qamma (ilk dəfə 2020-ci ilin noyabrında Braziliyada aşkarlanıb), lambda (ilk dəfə 2020-ci ilin dekabrında Peruda aşkarlanıb), eta (2020-ci ilin dekabrında eyni vaxtda bir neçə ölkədə aşkarlanıb), yota (2021-ci ilin noyabrında ABŞ-da aşkarlanıb) variantları var.
Bu siyahı COVİD-19 infeksiyasının bütün mutasiyalarını əhatə etmir. Virusun o qədər də narahatlıq doğurmayan, gələcək monitorinqlərə ehtiyacı duyulan, elmi ədəbiyyatda, məsələn, B.1.427, B.1.466.2, B.1.1.318, B.1.619, C.1.2 kimi ifadə olunan bu və digər növləri də var.
Dünya Səhiyyə Təşkilatının təsnifatında alfa, beta, qamma, delta və omikron variantları narahatlıq doğuran variantlar kimi qeyd olunub.
Eta, yota, kappa, lambda variantları maraq doğuran variantlar kimi təsnif edilib.