Novator.az Milli Məclisin müzakirəsinə çıxarılmış “Media haqqında” qanun layihəsinin bəzi məqamlarını diqqətə çatdırır.
Maddə 1. Əsas anlayışlar
kütləvi informasiya – əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırmaq məqsədilə media subyektləri tərəfindən dərc olunan və (və ya) yayımlanan məlumatlar;
media – kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və (və ya) yayımlanmasını həyata keçirmək üçün istifadə olunan alət və vasitələr, habelə onlar vasitəsilə formalaşan informasiya mühiti;
media subyekti – əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və (və ya) yayımlanması olan fiziki (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxs;
jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxs;
audiovizual media – televiziya və radio yayımının, o cümlədən, sifarişli yayım xidmətinin müxtəlif texniki üsul və vasitələrlə audio və (və ya) vizual formada istifadəçiyə təqdim edilməsini həyata keçirən media;
çap mediası – il ərzində müəyyən dövriliklə planlaşdırılmış vaxtda və ya müvafiq materiallar toplandıqda mətn və ya vizual formada olan kütləvi informasiyanı vahid tərtibata malik kağız və (və ya) elektron daşıyıcıda yayımlayan media;
onlayn media – audiovizual media və çap mediası istisna olmaqla mətn, audio, vizual və ya digər elektron (rəqəmsal) formada olan kütləvi informasiyanı veb-saytda yayımlayan media;
informasiya agentliyi – kütləvi informasiyanın əldə olunmasını, ötürülməsini, istehsalını və yayımını həyata keçirən, habelə digər media subyektləri ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqavilələr bağlayan, əldə etdiyi informasiyanın müntəzəm olaraq həmin müqavilələr üzrə çatdırılmasını təmin edən media;
redaksiya – veb-saytlar, qəzetlər və digər dövri-nəşrlərin, habelə televiziya və radio kanallarının, sifarişli yayım xidmətinin və informasiya agentliklərinin yaradıcı heyətindən ibarət bölmə;
məsul redaktor – televiziya və radio yayımında proqram cədvəli, sifarişli yayım xidmətində isə proqram kataloqu çərçivəsində yer alan proqramın, habelə çap mediasında və onlayn mediada yayımlanan materialın məzmunu və seçimi üzrə qərar vermə funksiyasını həyata keçirən şəxs;
istifadəçi – kommersiya məqsədi olmadan informasiya ehtiyaclarını qarşılamaq üçün mediadan istifadə edən fiziki və ya hüquqi şəxs;
media savadlılığı – kütləvi informasiyanın məzmunu, onun ötürülməsi və istehlakı üzrə biliyə sahib olma, tənqidi dəyərləndirmə, müxtəlif kontekstlərdə istifadə etmə və təhlil aparma qabiliyyəti;
loqotip (emblem) – media subyektinin redaksiyasını (redaksiyalarını) fərqləndirməyə imkan verən hər hansı simvollar kombinasiyası (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.);
audiovizual yayımçı – televiziya və radio yayımında, o cümlədən, sifarişli yayım xidmətində proqramların məzmunu üzərində cavabdehlik daşıyan və bu xidmətin yayımlanma üsuluna qərar verən fiziki və ya hüquqi şəxs;
yerüstü yayımçı – televiziya və radio proqramlarının məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları yerüstü yayım üsulu ilə yayımlayan fiziki və ya hüquqi şəxs;
ümumölkə yayımçısı – proqramları Azərbaycan Respublikasının ərazisi hüdudlarında əhalinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
regional yayımçı – proqramları Azərbaycan Respublikasının azı 2 (iki) inzibati ərazi vahidinin əhalisinin minimum 70 faizini əhatə edən yerüstü yayımçı;
platforma yayımçısı – audiovizual proqramların məzmunu üzərində cavabdehlik daşıyan və həmin proqramları platforma və (və ya) multipleks operatoru və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, yaxud birbaşa internet üzərindən yayımlayan fiziki və ya hüquqi şəxs;
infrastruktur operatoru – sahib olduğu baza yerüstü yayım şəbəkələri vasitəsilə radiotezlik resurslarından istifadə etməklə çox sayda audiovizual rəqəmli yayım siqnallarının bir və ya bir neçə siqnal halında birləşdirilməsi yolu ilə, habelə ayrıca radiotezlikdə audiovizual proqramların retranslyasiyasını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
multipleks operatoru – birdən çox televiziya və ya radio kanalının radiotezlik resurslarından istifadə etməklə retranslyasiyasını həyata keçirən hüquqi şəxs;
platforma operatoru – proqramların, o cümlədən sifarişli yayım xidmətlərinin kabel, İPTV, OTT, mobil TV və peyklə kodlanmış yayım siqnalları vasitəsilə retranslyasiyasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
sifarişli yayım xidməti provayderi – tərtib olunmuş proqram kataloquna uyğun olaraq proqramların istifadəçinin seçdiyi vaxtda və onun fərdi istəyinə əsasən izlənilməsini və (və ya) dinlənilməsini təmin edən və həmin proqram kataloqunun məzmunu üzərində cavabdehlik daşıyan fiziki və ya hüquqi şəxs;
retranslyasiya – hər hansı texnologiyadan istifadə etməklə televiziya və ya radio kanallarının, habelə proqramların və ya onların hissələrinin məzmununa dəyişiklik edilmədən yayımlandığı anda qəbulu və ötürülməsi;
tematik yayım – proqram cədvəlinin və ya kataloqunun azı 75 (yetmiş beş) faizi müəyyən sahəyə (xəbər, film, sənədli film, idman, musiqi, uşaq əyləncə, teleticarət və s.) həsr olunan proqramlardan ibarət yayım;
proqram – istifadəçiləri məlumatlandırmaq, maarifləndirmək və (və ya) əyləndirmək üçün nəzərdə tutulan, bu Qanunla müəyyənləşdirilmiş tələblər əsasında hazırlanan, proqram cədvəli və ya proqram kataloqunda yer alan, canlı, yaxud elektron yaddaş qurğuları vasitəsi ilə qeydə alınaraq yayımlanan məlumatların məcmusu;
proqram cədvəli – proqramların vaxtının və ardıcıllığının əks olunduğu cədvəl;
proqram kataloqu – sifarişli yayım xidmətində istifadəçinin seçiminə təqdim olunan proqramların toplusu;
peyk yayımı – peyk yayım infrastrukturu vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən birbaşa qəbulu təmin olunan audiovizual yayım;
kabel yayımı – müxtəlif növ kabel və (və ya) hibrid infrastruktur (efir-kabel, peyk-kabel və s.) vasitəsilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan audiovizual yayım;
İPTV yayımı – internet provayderin audiovizual proqramların ötürülməsini və istifadəçilər tərəfindən qəbul edilməsini öz internet protokolundan (İP) istifadə etməklə təmin etdiyi yayım;
OTT yayımı – audiovizual proqramların internet vasitəsilə istifadəçinin qəbuledicisinə ötürülməsini təmin edən yayım (İPTV yayımı istisna olmaqla);
mobil TV yayımı – audiovizual proqramların mobil telekommunikasiya şəbəkələri vasitəsi ilə ötürülməsi və istifadəçilər tərəfindən qəbulu təmin olunan yayım;
praym-taym – audiovizual proqramların Azərbaycan Respublikası Audiovizual Şurasının (bundan sonra – Şura) qərarı ilə müəyyən edilən sutka ərzində ən çox izlənilən və ya dinlənilən vaxtı;
reytinq ölçən təşkilat – audiovizual medianın auditoriyasının həcmini ölçən şəxs;
əhəmiyyətli tədbir – cəmiyyət üçün maraq kəsb edən və ölkə ərazisində fəaliyyət göstərən media subyektləri tərəfindən dərc olunması və (və ya) yayımlanması nəzərdə tutulan ictimai, siyasi, sosial və iqtisadi məzmunlu hadisə.
Maddə 3. Qanunun tətbiq dairəsi
Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin Azərbaycan Respublikasının hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir.
Maddə 5. Media azadlığı
Azərbaycan Respublikasında media azaddır.
Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır.
Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Media sahəsində fəaliyyət azadlığı yalnız bu Qanun və media sahəsini tənzimləyən Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
Azərbaycan Respublikasından kənarda yerləşən media subyektlərinin fəaliyyətində bu Qanunun tələblərinin pozulması halları aşkar edildikdə Şura və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirir.
Maddə 12. Loqotip (emblem)
Media subyekti redaksiyasının loqotipi (emblemi) olmalıdır. Media subyektinin redaksiyası yalnız bir loqotipdən (emblemdən) istifadə edə bilər.
Loqotip (emblem) müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılan Media Reyestrinə daxil edilir.
Media subyektinin redaksiyasının loqotipində (emblemində) irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyi, terrorçuluq, zorakılıq və qəddarlığı təbliğ edən, əxlaqa zidd olan simvollar və (və ya) onların kombinasiyasından (sözlər, hərflər, rəqəmlər, qrafik elementlər və s.), habelə digər media subyektinin redaksiyasının loqotipi (emblemi) ilə eyni və ya ona oxşar loqotipdən (emblemdən) istifadə olunması qadağandır.
Maddə 13. İnformasiyadan istifadə edilməsi
13.1. Media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunə və ya müqavilə əsasında istifadə edə bilər.
13.2. Abunə və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
13.3. Bu Qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Maddə 14. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər
Mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:
Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
dövlət dili normalarına riayət edilməlidir;
irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
Maddə 15. İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar
Media subyekti və jurnalist tərəfindən aşağıdakılara yol verilmir:
şəxsin gizli saxlanmaq şərti ilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
“Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:
insan həyatının müdafiəsi üçün;
ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;
ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.
Maddə 17. Məlumat almaq hüququ
Media subyektləri və jurnalistlər cəmiyyətdəki ictimai, siyasi, sosial və iqtisadi vəziyyət haqqında, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə düzgün informasiya almaq hüququna malikdirlər. Bu hüquq qanunla müəyyənləşdirilmiş hallardan başqa məhdudlaşdırıla bilməz.
Dövlət orqanları (qurumları), bələdiyyələr, müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında informasiyanı media subyektlərinin və jurnalistlərin yazılı və şifahi sorğusu əsasında, habelə mətbuat konfransları və ya brifinqlər keçirmək yolu ilə yaxud başqa formalarda verirlər.
İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir.
Maddə 18. Təkzib, düzəliş və cavab vermək hüququ
Media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Media subyekti tərəfindən cinayət işləri üzrə icraatın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə cinayət prosesini aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə həmin media subyektinə müraciət etmək hüququna malikdir.
Maddə 21. Gizli audio və (və ya) vizual məlumatlar
Gizli audio və video yazılardan, foto çəkilişlərindən istifadə etməyə və ya onları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
barəsində gizli audio və ya video yazısı, foto çəkilişi aparılmış şəxsin bu materiallardan istifadəyə və ya onların yayılmasına yazılı razılığı varsa, habelə digər şəxsin (şəxslərin) Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün zəruri tədbirlər görülmüşdürsə;
məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Maddə 25. Media subyektləri
Media subyektləri aşağıdakılardır:
audiovizual media subyektləri;
çap mediası subyektləri;
onlayn media subyektləri;
informasiya agentlikləri.
Maddə 26. Media subyektinə dair tələblər
Media subyektinə dair tələblər aşağıdakılardır:
təsisçi fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
təsisçi hüquqi şəxs olduqda onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;
media subyekti fiziki şəxs olduqda Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Aşağıdakı şəxslər media subyektinin təsisçisi (iştirakçısı) ola bilməzlər:
ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslər;
məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslər;
siyasi partiyalar (çap mediası istisna olmaqla);
dini qurumlar (çap mediası istisna olmaqla).
Media subyektinin onun təsisçisi (iştirakçısı) olmayan xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, onların filial və nümayəndəlikləri, həmin şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri hüquqi şəxslər, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmir.
Maddə 27. Audiovizual media subyektləri
Audiovizual media subyektləri aşağıdakılardır:
yerüstü yayımçı:
ümumölkə yerüstü televiziya yayımçısı;
regional yerüstü televiziya yayımçısı;
ümumölkə yerüstü radio yayımçısı;
regional yerüstü radio yayımçısı;
platforma yayımçısı:
peyk yayımı həyata keçirən platforma yayımçısı;
peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
platforma operatoru:
sadə platforma operatoru;
universal platforma operatoru;
multipleks operatoru;
infrastruktur operatoru;
sifarişli yayım xidməti provayderi.
Maddə 28. Audiovizual media subyektlərinin fəaliyyətinin əsasları
Yerüstü yayımçı infrastruktur və multipleks operatoru, infrastruktur və multipleks operatoru isə yerüstü yayımçı kimi fəaliyyət göstərə bilməz.
Platforma operatoru və multipleks operatoru platforma yayımçısı kimi fəaliyyət göstərmək üçün bu fəaliyyət növü üzrə də lisenziya almalıdır.
Maddə 29. Yerüstü yayımçı
İctimai yayımçı istisna olmaqla yerüstü yayımçıya lisenziya müsabiqə əsasında verilir.
Yerüstü ümumölkə yayımçısının proqramları ölkə üzrə, yerüstü regional yayımçının proqramları isə həmin region üzrə infrastruktur və platforma operatorları tərəfindən retranslyasiya olunur.
Yerüstü yayımçı öz proqramlarını infrastruktur və platforma operatorlarına retranslyasiya üçün təqdim etməlidir. Yerüstü yayımçı bunun müqabilində platforma operatorlarından ödəniş tələb edə bilməz.
Yerüstü ümumölkə yayımçısı ölkə üzrə, yerüstü regional yayımçı isə müvafiq region üzrə yerüstü yayımın təmin olunması üçün infrastruktur operatoru ilə müqavilə bağlayır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə infrastruktur operatoruna xidmət haqqı ödəyir.
Yerüstü ümumölkə yayımçısının peyk yayımı həyata keçirməsi üçün lisenziya tələb olunmur. Yerüstü ümumölkə yayımçısı peyk operatorları ilə müqavilə bağlayaraq peyk yayımı da həyata keçirə bilər.
Yerüstü yayımçı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz internet informasiya ehtiyatında (veb-saytında) və digər video paylaşım platformalarında yayımlaya bilər.
Maddə 30. Platforma yayımçısı
Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi orqanlar (qurumlar) istisna olmaqla, dövlət orqanları (qurumları) və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən maliyyələşən, həmin orqanın (qurumun) fəaliyyət sahəsini əks etdirən, ictimai yayım funksiyası daşıyan audiovizual yayımçı yalnız platforma yayımçısı kimi fəaliyyət göstərə bilər.
Platforma yayımçısı lisenziya əsasında fəaliyyət göstərir.
Peyk yayımı həyata keçirən platforma yayımçısı üçün lisenziya müsabiqə əsasında yalnız hüquqi şəxslərə verilir.
Platforma yayımçısı praym-taymda yayımlanan proqramlarında dövlət dilindən istifadəni tam təmin etdikdə reklam fəaliyyəti həyata keçirə bilər.
Platforma yayımçısı proqramlarını onların məzmununa dəyişiklik etmədən öz veb-saytında və digər video paylaşım platformalarında yayımlaya bilər.
Platforma yayımçısının redaksiyası Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməlidir və gündə minimum 6 saat yayım həyata keçirməlidir.
Birbaşa internet üzərindən yayımlanan platforma yayımçısı veb-sayta və müəyyən proqram cədvəlinə malik olmalı, habelə yayımı özünün veb-saytından həyata keçirməlidir.
Maddə 31. Sifarişli yayım xidməti provayderi
Sifarişli yayım xidməti provayderi lisenziya əsasında fəaliyyət göstərir.
Sifarişli yayım xidməti provayderi proqram kataloqunu platforma operatorunun yayım üsulları və ya birbaşa internet vasitəsilə, o cümlədən, mobil tətbiqlər vasitəsilə təqdim edir.
Sifarişli yayım xidməti provayderi proqram kataloquna daxil etdiyi bütün proqramlar barədə məlumatı və həmin proqramların yayımı üçün əldə etdiyi yayım hüquqlarına dair müqavilələri Şuraya təqdim etməlidir.
Sifarişli yayım xidmətinin proqram kataloquna daxil edilmiş bütün proqramlar “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yaş kateqoriyaları üzrə təsnifatlandırılmalıdır.
Maddə 32. Platforma operatoru
Platforma operatoru lisenziya əsasında fəaliyyət göstərir.
Sadə platforma operatoru yalnız bir üsulla, universal platforma operatoru isə eyni zamanda 2 (iki) və daha çox üsulla retranslyasiya həyata keçirə bilər.
Platforma operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir.
Platforma operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.
Platforma operatoru yerüstü ümumölkə yayımçısının proqramlarını ölkə üzrə, yerüstü regional yayımçının proqramlarını isə region üzrə retranslyasiya etmək üçün öz yayım paketlərinə daxil etməlidir. Platforma operatoru bunun müqabilində yerüstü yayımçıdan ödəniş tələb edə bilməz.
Platforma operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.
Platforma operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir.
Platforma operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
Maddə 33. İnfrastruktur operatoru
İnfrastruktur operatoru Şuranın qərarı ilə ayrılmış radiotezlikdən (radiotezliklərdən) istifadə edir.
İnfrastruktur operatoru yerüstü yayımçının proqramlarının retranslyasiyasını təmin etməlidir.
İnfrastruktur operatoru yerüstü ümumölkə yayımçısının ölkə üzrə, yerüstü regional yayımçının isə müvafiq region üzrə yerüstü yayımının təmin olunması üçün yerüstü yayımçı ilə müqavilə bağlayır və xidmət haqqı alır.
İnfrastruktur operatoru istifadəçilərə ödənişli retranslyasiya xidməti göstərə bilməz.
İnfrastruktur operatoru multipleks və platforma operatorlarına, həmçinin peyk operatoruna siqnalın ötürülməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqqı almaqla həyata keçirir.
Maddə 34. Multipleks operatoru
Multipleks operatoru üçün radiotezlik (radiotezliklər) onun istifadəsinə Şura tərəfindən keçirilən müsabiqə əsasında verilir. Müsabiqənin qalibi eyni zamanda multipleks operatoru üçün müvafiq lisenziya əldə etmiş sayılır.
Növbəti radiotezlik (radiotezliklər) əldə etmək istəyən multipleks operatoru radiotezliyin (radiotezliklərin) verilməsinə dair müsabiqədə iştirak etməlidir. Bu müsabiqənin nəticəsində qalib olmuş multipleks operatoruna yenidən lisenziya verilmir.
Multipleks operatoru müqavilə əsasında istifadəçiyə audiovizual proqramların satışını həyata keçirir.
Multipleks operatoru müqavilə əsasında platforma yayımçısının proqramlarının retranslyasiyasını həyata keçirə bilər.
Multipleks operatoru onunla xarici audiovizual yayımçı və ya onun adından müqavilə bağlamaq səlahiyyəti olan şəxs arasında xarici audiovizual yayımçıların proqramlarının retranslyasiyasına dair bağlanmış müqavilənin surətini Şuraya təqdim etməlidir.
Multipleks operatorunun fəaliyyətində Şura tərəfindən monitorinqin həyata keçirilməsi məqsədilə həmin operator tərəfindən Şuranın ödənişsiz istifadə hüququ təmin edilməlidir.
Multipleks operatoru retranslyasiya etdiyi audiovizual yayımçıların siyahısını hər növbəti ayın birinci həftəsində Şuraya təqdim etməlidir.
Maddə 35. Yerüstü yayımın radiotezlik planlaşdırılması
Yerüstü yayım üçün radiotezlik siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tərtib olunur və yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklər haqqında məlumatlar hər yarım ildə 1 (bir) dəfə Şuraya təqdim edilir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və infrastruktur operatoru hər yarım ildə 1 (bir) dəfə yayım imkanları barədə Şuraya məlumat verir. Bu məlumatlar Şuranın sorğusu əsasında da təqdim olunur.
Şura ümumölkə və regional yerüstü yayım üçün istifadəyə yararlı radiotezliklərin və yayım imkanlarının istifadəsini təşkil edir.
Maddə 43. Audiovizual media sahəsini tənzimləyən orqanın statusu
Azərbaycan Respublikasında audiovizual media sahəsində tənzimləməni Şura həyata keçirir.
Şuranın fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
Maddə 48. Şuranın fəaliyyətinin idarə olunması
Şura sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarət tərkibdə fəaliyyət göstərir.
Şuranın üzvləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Üzvlərin səlahiyyət müddəti 5 (beş) ildir. Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq Şuranın üzvü ola bilməz.
Aşağıdakı şəxslər Şuranın üzvü ola bilməzlər:
ali təhsili olmayanlar;
ikili vətəndaşlığı və ya başqa dövlətlər qarşısında öhdəliyi olanlar;
dövlət orqanlarında (qurumlarında) ödənişli, seçkili və ya təyinatlı vəzifə tutanlar, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olanlar;
din xadimləri;
fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğu üzərindən götürülməmiş, yaxud məhkumluğu ödənilməmiş şəxslər;
media subyektləri və onların təsisçisi (iştirakçısı) olan şəxslər.
Şuranın üzvləri öz aralarından sadə səs çoxluğu ilə Şuranın sədrini seçirlər.
Maddə 59. Çap mediası subyekti
Çap mediası subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər.
Ayda azı 1 (bir) dəfə davamlı olaraq yayımlanan, birdəfəlik tirajı 100 (yüz) nüsxədən çox olan, ildə azı 12 (on iki) dəfə çap olunan qəzetlər və ildə azı 2 (iki) dəfə çap olunan jurnal, toplu, bülleten və başqa nəşrlər dövri nəşrdir.
Qəzetlər aşağıdakı dövriliklə çap olunur:
həftəlik qəzet – həftədə azı 1 (bir) dəfə;
günaşırı qəzet – həftədə azı 3 (üç) dəfə;
gündəlik qəzet – həftədə azı 5 (beş) dəfə.
Ərazi kateqoriyasına görə qəzetlər aşağıdakı kimi qruplaşdırılır:
ümumölkə – bir media subyekti tərəfindən eyni adla çap edilən və Azərbaycan Respublikası ərazisinin azı 70 faizinə yayımlanan qəzet;
regional – 1 (bir) media subyekti tərəfindən eyni adla çap edilən və azı 1 (bir) inzibati ərazi vahidinin ərazisinin azı 70 (yetmiş) faizində yayımlanan qəzet.
Maddə 60. Onlayn media subyekti
Onlayn medianın subyektləri fiziki və ya hüquqi şəxslər ola bilər.
Onlayn media subyekti özünün veb-saytında aşağıdakı məlumatları göstərməlidir:
adı;
VÖEN-i;
domen adının sahibi;
məsul redaktorun soyadı, adı və atasının adı;
onlayn media subyektinin fəaliyyət göstərdiyi ünvan və əlaqə vasitələri.
Maddə 62. Çap mediası və onlayn media subyektinin təsis edilməsi
Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.
Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
Maddə 70. Jurnalist vəsiqəsi
Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi verilir. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Maddə 73. Media Reyestri
Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə Media Reyestri yaradılır.
Media Reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarə olunan elektron informasiya ehtiyatıdır və saxlanması Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
Media Reyestri aşağıdakı bölmələrdən ibarətdir:
audiovizual media subyektləri;
çap mediası subyektləri;
onlayn media subyektləri;
informasiya agentlikləri;
jurnalistlər.
Maddə 78. Keçid müddəalar
Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.