Belçikanın paytaxtı Brüsselə işgüzar səfər edən dövlət başçısı İlham Əliyev dekabrın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər də müzakirə olunub, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
Həmin gün prezident NATO-nun baş katibi Yens Stoltenberqlə də bir araya gəlib. NATO-nun baş katibi Azərbaycanın alyansın dəyərli tərəfdaşı olduğunu deyib və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda sülhməramlı əməliyyatlardakı xidmətini yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər.
Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirilib.
Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. İlham Əliyev deyib ki, baş katiblə Cənubi Qafqazda postmüharibə vəziyyətini müzakirə edib: “Azərbaycan sülhə, sabitliyə və proqnozlaşdırılmaya sadiqdir. Bizim səylərimiz regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Bizim siyasətimiz çox açıq və aydındır. Ümidvaram ki, əgər Ermənistandan xoş məram olsa, biz təklif etdiyimiz kimi iki ölkə arasında sülh razılaşması üzərində işləyə və düşmənçiliyə son qoya bilərik”.
Prezident Zəngəzur dəhlizi ilə bağlı suala cavabında qeyd edib ki, regionda kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya prezidenti, Ermənistanın baş naziri və onun imzaladığı üçtərəfli bəyannamədə öz əksini tapıb: “Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Biz hər iki varianta hazırıq.
Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu hər kəsin xeyrinə olacaq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik”.
Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası da keçirilib. Prezident İlham Əliyevin də qatıldığı iclasda Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, alyansın Əfqanıstanda keçirilən sülhməramlı missiyasına ölkənin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişafı məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.
Avropa İttifaqı 27 ölkəni (Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan) birləşdirir.
Azərbaycan Avropa İttifaqının Şərq tərəfdaşlığı proqramının üzvüdür. Bu proqram 2009-cu ildə elan olunub, Ukrayna, Moldova, Belarus, Gürcüstan və Ermənistanı da əhatə edib.
1949-cu ildə yaradılmış NATO-ya 30 ölkə daxildir: ABŞ, Albaniya, Almaniya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Fransa, Xorvatiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Latviya, Litva, Lüksemburq, Macarıstan, Monteneqro, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Şimali Makedoniya, Türkiyə, Yunanıstan.