Almaniyanın yeni hökuməti də Aleksandr Lukaşenkonu Belarusun legitim prezidenti saymır. Novator.az-ın məlumatına görə, bunu yeni hökumətin rəsmi nümayəndəsi dekabrın 13-də Berlində keçirdiyi brifinqdə bəyan edib.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
2020-ci il avqustun 9-da keçirilmiş prezident seçkisində Aleksandr Lukaşenko qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmayıb, davamlı etiraz aksiyaları təşkil olunub.
ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Ukrayna 2020-ci il seçkisinin rəsmi nəticəsini qəbul etmir, Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.
2021-ci il dekabrın 13-də Berlində verilən bəyanat Almaniyada hökumət dəyişsə də, Lukaşenkoya münasibətdə rəsmi mövqenin dəyişməz qaldığını göstərir.
Almaniyada yeni hökumət dekabrın 8-dən fəaliyyətə başlayıb. Həmin gün parlament Olaf Şoltsu kansler seçib.
Parlament idarə üsullu Almaniyada kansler hökumət başçısı sayılır.
Yeni hökumət bu il sentyabrın 26-da keçirilmiş parlament seçkisinin nəticələrinə əsasən formalaşdırılıb. Hökuməti Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokrat Partiyası qurub.
Sosial Demokrat Partiyasının üzvü, 1958-ci il təvəllüdlü Olaf Şolts kansler seçilənə qədər – 2018-ci ilin martından Almaniyanın vitse-kansleri və maliyyə naziri postunda çalışıb.
Olaf Şolts kansler seçiləndən iki gün sonra – dekabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenkonu diktator adlandırıb, onun xalqından qanuni mandat almadığını vurğulayıb.