Nobel mükafatı laureatı, Rusiyda nəşr olunan “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov işgəncələr əleyhinə beynəlxalq tribunalın yaradılması təklifi ilə çıxış edib.
Novator.az-ın məlumatına görə, Muratov təklifi özünün Nobel nitqində səsləndirib.
Dmitri Muratov Nobel sülh mükafatına bu il oktyabrın 8-də Norveç Nobel Komitəsinin qərarı ilə layiq görülüb. Mükafat ona dekabrın 10-da Norveçin paytaxtı Osloda təqdim olunub. Həmin gün Muratov Nobel nitqi ilə çıxış edib.
Baş redaktor deyib ki, işgəncələr əleyhinə beynəlxalq tribunalın işi dünyada yol verilən işgəncələr haqda məlumatları toplamaqdan və “cinayətlərdə iştirak edən cəlladları, habelə onların yiyələrini müəyyən etməkdən ibarət olmalıdır”.
Muratov işgəncələrin üstünün açılmasında jurnalıstlərə çox ümid etdiyini də vurğulayıb. O bildirib ki, işgəncəyə insanlıq əleyhinə törədilən ən ağır cinayət kimi yanaşılmalıdır.
Dmitri Muratovla yanaşı Filippin və Amerika jurnalisti Mariya Ressa da 2021-ci ilin Nobel sülh mükafatına layiq bilinib. Norveç Nobel Komitəsi jurnalistlərin bu mükafata demokratiya və davamlı sülhün bünövrəsi olan ifadə azadlığı uğrunda fəaliyyətlərinə görə layiq görüldüyün açıqlayıb.
1961-ci il təvəllüdlü Dmitri Muratov “Novaya qazeta”nın yaradıcılarından biri və hazırda onun baş redaktorudur. O, “Novaya qazeta”nın baş redaktor postunu 1995-2017-ci illərdə də tutub. 2019-cu ildə bu posta qayıdan Dmitri Muratov 2021-ci noyabrın 15-də qəzetin redaksiyasında (Moskva şəhəri) keçirilən səsvermədə yenidən “Novaya qazeta”nın baş redaktoru seçilib.
1993-cü ildən çıxan “Novaya qazeta” jurnalist araşdırmaları ilə tanınır, həftənin bir, üç və beşinci günləri işıq üzü görür.