Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev jurnalistlərə açıqlamasında deyib ki, manatın məzənnəsinin 2022-ci ildə də sabit saxlanması üçün bütün imkanlar var: “Manatın ucuzlaşması heç vaxt müzakirə mövzusu olmayıb və indi də deyil”.
2015-ci ilin devalvasiyalarında dolların rəsmi kursu 0,7844 manatdan 1,5594 manata yüksəlib, 2016-cı ildə qiymət 1,7707 manata çatıb.
2017-ci ilin fevralında maksimal məzənnə qeydə alınıb: 1,92 manat. Həmin ili 1,7001 manatla yola salan dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Novator.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli Alim Quliyevin “Manatın məzənnəsinin 2022-ci ildə də sabit saxlanması üçün bütün imkanlar var” sözlərinə belə reaksiya verib: “Yaxşı, 2022-də sabit saxladınız, tutalım, 2023-də də saxlaya bildiniz, bəs sonra? Eyni səhvi 2005-2015-ci illərdə etdiniz, ölkə 10 il sabit məzənnə rejimi ilə yaşadı, sonra nə oldu? Əvvəl sabit məzənnəni qorumaq üçün bir ildə 12 milyard dollar xərclədiniz, sonra gördünüz mümkün deyil, devalvasiyaya getdiniz – dolların kursunu əvvəl 1,05 manat, sonra 1,55 manat, daha sonra 1,7 manat təyin etdiniz. 4 ildir sabit məzənnə rejimi ilə gedirsiniz, məzənnə dəyişmir, amma manatın alıcılıq qabiliyyəti ölür – bu, devalvasiya qədər təhlükəli prosesdir.
Azərbaycan hökuməti statistikanı da, məzənnəni də siyasiləşdirib, manatın məzənnəsini siyasi sabitlik simvoluna çevirib, yenə eyni səhvi edir, 2005-2015 dərs olmadı hökumətə, amma indiki proses daha təhlükəlidir – manatın alıcılıq qabiliyyəti düşür, bir müddət sonra məzənnəsi də düşəcək, bu zaman ölkədə yoxsulluq kəskin artacaq.
Məzənnə sadəcə iqtisadi göstəricilərdən biridir, məzənnə siyasəti ölkənin iqtisadi siyasətinin tərkib hissəsində olmalıdır, ayrıca bir simvol kimi dəyərləndirilə bilməz. Mən başa düşürəm ki, indiki primitiv “boru iqtisadiyyatı” modeli üzən məzənnəyə keçmək üçün yararlı deyil, üzən məzənnə normal bazar iqtisadiyyatı institutları olan ölkədə mümkündür, gərək valyuta qazanan minlərlə şirkət olsun, onlar qazandıqları valyutanı bazara çıxarıb manata çevirsinlər, həmin manatla maaş-vergi ödəsinlər, məhz bu zaman normal məzənnə siyasətini qurmaq mümkündür.
İndi isə bizdə manat “kağız neftdir”, ancaq bir amildən asılıdır, hökumətin isə iqtisadi modeli yoxdur deyə məzənnəni sabitlik simvoluna çevirib buna sitayiş edir”.