Ötən il Avropa Birliyi ölkələrinin müdafiə xərci ümumilikdə 198 milyard avro təşkil edib. Bu, 2019-cü illə müqayisədə 5 faiz çoxdur.
Novator.az-ın məlumatına görə, hesabatı Avropa Müdafiə Agentliyi yayıb.
Danimarka Avropa Birliyinin hərbi layihələrindən imtina etdiyi üçün bu ölkənin göstəriciləri hesabata daxil deyil. Yəni hesabat Avropa Birliyinin üzvü olan 27 ölkədən 26-na aiddir.
Hesabata görə, 2020-ci ildə Avropa Birliyi ölkələrinin müdafiə xərcləri bu ölkələrin iqtisadi fəaliyyətinin 1,5 faizini əhatə edib.
Avropa Müdafiə Agentliyinin hesabatına əsasən, birlik üzvü olan ölkələrdən 19-u müdafiə xərcini artırıb, onlardan 6-sı ümumi dövlət büdcəsinin 10 faizindən də çoxunu müdafiəyə yönəldib.
Avropa Birliyi ölkələrinin əksəriyyəti NATO-ya daxildir. Birlik ölkələrinin müdafiə xərclərini artırması həm də NATO-da aparıcı mövqe tutan ABŞ-ın tövsiyəsi ilə həyata keçirilir. ABŞ NATO ölkələrinə öz hərbi xərclərini 2 faiz artırmağı məsləhət görüb.
Hesabatda vurğulanır ki, COVİD-19 pandemiyası, pandemiya ucbatından iqtisadiyyatın zəifləməsi Avropa Birliyi ölkələrinin hərbi xərclərinə təsir etməyib: “2020-ci ildə birlik ölkələrində ümumi daxili məhsulun həcmi 6 faiz azalsa da, müdafiə xərcləri iqtisadi təzyiqə müqavimət göstərə bilib. Ancaq müsbət tendensiyaya baxmayaraq, COVİD-19 pandemiyasının müdafiə büdcəsinə gələcəkdə necə təsir edəcəyi hələ bəlli deyil”.
Avropa Müdafiə Agentliyinin hesabatında deyilir ki, 2020-ci ildə Avropa Birliyi ölkələri müdafiə avadanlıqlarının alınması zamanı müstəqil sövdələşmələrə daha çox üstünlük veriblər, ona görə birgə müdafiə avadanlıqlarına xərclənən vəsaitin həcmi aşağı düşüb. 2020-ci ildə birlik ölkələri birgə yeni avadanlıqların alınmasına ümumilikdə 4,1 milyard avro vəsait sərf ediblər. Bu, 2019-cu illə müqayisədə 13 faiz azdır.
Avropa ölkələrinin birgə hərbi xərcləri ümumilikdə müdafiə büdcəsinin 11 faizini təşkil edib. Halbuki 2017-ci ildə imzalanmış müdafiə paktında kollektiv məqsədə hərbi büdcənin 35 faizini ayırmaq nəzərdə tutulub.
Mənbə: Euobserver.com