Koronavirus pandemiyasının davam etməsi, virusun yeni mutasiyalara uğraması demək olar bütün yaş qruplarından olan insanların peyvəndlənməsi məsələsini aktuallaşdırıb. Artıq dünyanın inkişaf etmiş bəzi ölkələrində 5-11 yaşlı uşaqlar da vaksinasiya prosesinə cəlb edilib.
Bəs iynədən qorxan uşaqları vaksinasiyaya necə hazırlamaq olar? Qadınların və uşaqların sağlamlığı, xüsusilə onların psixoloji durumu ilə bağlı problemləri işıqlandıran, bu cür mövzular üzrə ixtisaslaşan ABŞ-ın “NBC News” kanalının əməkdaşı Elizabet Çak kanalın internet səhifəsində dərc etdirdiyi məqaləsində yazır ki, valideynlərin öz uşaqlarını vaksinasiya prosesinə hazırlamasına ehtiyac var.
Novator.az saytının məlumatına görə, Elizabet Çak uşaqların əksəriyyətində tripanofobiya, yəni iynə vurdurmaq qorxusu olduğunu bildirir: “Əgər bu qorxu normadan artıqdırsa, uşağın psixoloji durumu xüsusi nəzərə alınmalıdır. Çünki belə uşağın həkimə aparılması da onun psixologiyasına mənfi təsir edə bilər. Bu cür uşaqların valideynləri psixoloqların və pediatrların məsləhətlərindən yararlanaraq özləri övladlarını inyeksiya prosesinə hazırlaya bilərlər. Mütəxəssis tövsiyələri ən gərgin və əsəbi uşaqlar üçün də çıxış yolu ola bilər”.
Daha sonra məqaləsində Elizabet Çak bu tövsiyələri oxucularla bölüşüb.
Uşağın hazırlanması
Psixoloq Meri Alvord deyir ki, uşağı koronavirus əleyhinə vaksin vurdurmağa aparmazdan əvvəl məsələnin mahiyyəti barədə onu xəbərdar etməlisiniz. Psixoloqun qənaətinə görə, öncədən xəbərdarlıq qarşılıqlı inamı artırır.
Meri Alvord uşağa bu sözləri deməyi tövsiyə edir: ”Biz qorxmaz, cəsarətli olacağıq, qorxuya güc gəlməyi bacaracağıq. Sən mehriban bir adamla qarşılaşacaqsan. Bunun asan olmayacağını bilirəm. Ancaq mən sənin yanında olacam. Biz sənin necə nəfəs aldığını da birlikdə izləyəcəyik. Mən sənə maraqlı bir əhvalat da danışaram”.
Həkimə getməzdən qabaq uşaqlara aid kitabların mütaliə edilməsi, qarşılaşacağın həkimin obrazının əvvəlcədən xəyalda canlandırılması uşağın da, valideynin də həyəcanını azalda bilər.
Uşaqlar həkim oyunu oynamaq üçün yumşaq oyuncaqlar üzərində qələmdən şpris kimi istifadə edə bilərlər.
Uşaqlara mütləq demək lazımdır ki, heç kim iynə vurdurmağı xoşlamır. Bunu söyləmək o qədər yerinə düşməsə də, belə sözlərin faydası çoxdur.
Hər ehtimala qarşı valideyn uşağı həkimə aparmazdan əvvəl onu terapiya mərhələsindən keçirməlidir. Bu, uşaqda tədricən iynə və müalicə mərhələsi haqda təsəvvür formalaşdırır.
Pediatrla planlaşdırma
San-Fransiskodakı Kaliforniya Universitetinin professoru, pediatr, psixoterapevt və klinik pediatriya üzrə mütəxəssis doktor Devid Bekerin tövsiyələri belədir: “Əgər valideyn uşağın səs-küy qoparacağından və ya ağrı hiss edəcəyindən narahatlıq keçirirsə, pediatrla əlaqə saxlamalı, həkimin məsləhəti ilə iynə ağrısının qarşısını alacaq dəri kremindən istifadə etməlidir. Ancaq bütün bunlar iyneksiya prosedurundan yarım saat əvvəl həyata keçirilməlidir”.
Beker ailələrə tövsiyə edir ki, uşaqlara ağrının qarşısını almaqda, ağırını azaltmaqda kömək edən “Meg Foundation” qeyri-kommersiya təşkilatının inyeksiya oyun planını nəzərdən keçirsinlər. Planın çap forması uşaqlara, məsələn, şəkil çəkdirəndə valideynin harada oturmasına dair seçim etmək imkanı verir.
Professor Beker uşaqları hər hansı tibbi prosesə zorla aparmamağı məsləhət görür: “Uşaqları peyvəndə məcbur etmək gələcəkdə onların həkimlərlə təmasına xələl gətirə və onlarda müalicəyə qarşı qorxu yarada bilər. Valideynlər vaksinasiya prosesində uşaqlara rahat olsun deyə onları qucağında saxlaya bilərlər”.
Beker bildirir ki, valideynlərin və tibb işçilərinin gərgin uşağa inyeksiya barədə söylədiklərinin böyük əhəmiyyəti var: “Siz “ağrı” sözünü “narahatlıq”, “vurmaq” sözünü “sancmaq” və yaxud başqa sözlərlə əvəzləyə bilərsiniz. Məsələn, “Peyvənd vaxtı narahat olub-olmayacağını bilmirəm. Gəl elə bir plan quraq ki, özünü yaxşı hiss edəsən” kimi cümlələr işlətmək olar”.
Sakitləşmək və fikri yayındırmaq
İnyeksiya prosesində həkimin və yaxud tibb bacısının hazırlığa başlaması uşağın qorxularını daha da artıra və həyəcandan onun əzələləri gərilə bilər.
Bəzən valideynlər peyvəndləmə prosesi yüngül keçsin deyə uşağa deyirlər ki, bədənini tamam boş saxlasın. Meri Alvord isə uşağa bu sözləri deməyi tövsiyə edir: “Mən bilirəm ki, bu sənin üçün asan deyil, ancaq ürəkli olmaq lazımdır”.
Bayram edin
Psixoloq Meri Alvordun sözlərinə görə, uşağın nikbin halı vaksinasiya üçün ən uyğun zamandır. Həmin vaxt uşaq heç bir yorgunluq və aclıq hiss etmir. Ona görə peyvənd vurulandan sonra uşaqla birlikdə əylənmək yaxşıdır.
Məsələn, uşağa dondurma almaq olar. Bu, uşağın cəsurluğunu bayram etmək anlamına gələ bilər. Hətta həkimin qəbulunda göz yaşı axıdılıbsa da, cəsurluq qeyd edilməlidir.
Ailəvi zooparka getməyi də planlaşdırmaq olar.
Viskonsi ştatının Ridsburq şəhərində yaşayan iki uşaq atası, yazıçı, orta məktəbdə ingilis dilindən dərs deyən Şaun Harrisin təcrübəsinə nəzər salaq.
Ata gəzintidən sonra iynə fobiyasından əziyyət çəkən 7 yaşlı qızı Cinnini peyvəndlənməyə aparıb. Halbuki Cinni iynə vurdurmaqdan həmişə qorxurmuş. O, 10 yaşlı qardaşı Tedd peyvənd olunanda da bərk təsirlənibmiş. Cinni hətta özgələrinə iynə vurulanda da ağlayırmış.
Ailəvi Disney parkına səfər zamanı qızına COVİD-19 infeksiyası əleyhinə peyvənddən danışan Şaun Harris övladını inandırmağa çalışıb ki, bu proses tək onların deyil, ətrafdakı bütün insanların təhlükəsizliyinə xidmət edir. Atasını dinləyəndən sonra Cinni virusu dayandırmaq üçün cəsur davranacağına söz verib.
Şaun Harris deyir: “Əlbəttə, mən başa düşürdüm ki, vaksin vurulanda hər şey elə də qaydasında getməyə, qızım yenə qorxu keçirə bilər. Ancaq o, hamı üçün doğru olanı etdiyini və düzgün addım atdığını dərk etdi. Bu, çox vacibdir”.
Meri Alvord deyir ki, onsuz da bütün uşaqlar peyvənd vurulanda iynə qorxusunu dəf etməli olur: “Burada qazandığı təcrübə onun təkcə həkimlə gələcək təmasına yardımçı olmur. Dözümlü olmaq həyatda stresə müqavimət gücünə yiyələnmək deməkdir. Bu sınaq ona həyat yolundakı başqa problemləri dəf etməsində də kömək göstərəcək. Biz kiçik çətinliklərdən keçib böyük problemlərə sinə gəririk”.
Mənbə: Nbcnews.com