Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu ictimai-siyasi fəalların dekabrın 1-i Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirdiyi aksiyada tutularaq döyülüb. Siyasətçinin bildirdiyinə görə, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.
Üz-gözündən ağır xəsarətlər alan Tofiq Yaqublu həmin gün Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə olunub. Həkim rəyində siyasətçinin alın nahiyəsində yumşaq toxumaların əzildiyi və dərialtı hematoma yarandığı əks olunub, kəllə sümüklərində və beyindaxili travmatik dəyişiklik aşkarlanmadığı qeyd edilib.
Olayı Səbail Rayon Prokurorluğu araşdırır. Siyasətçi dekabrın 3-də Səbail Rayon Prokurorluğunda vəkili Nemət Kərimlinin iştirakı ilə ifadə verib, ardınca o, xəsarətlərin müəyyən olunması üçün tibbi ekspertizadan keçirilib, döyüldükdən sonra sərbəst buraxıldığı Ələt qəsəbəsinə aparılıb, həmin yerə baxış keçirilib.
1 dekabr aksiyasında Tofiq Yaqublunun qızı, müsavatçı Nigar Həzi də iştirak edib. Novator.az-ın məlumatına görə, o yazır ki, “Saleh Rüstəmova azadlıq!” aksiyasına gedəndə atasının da orada olacağından xəbəri olmayıb: “Mən atanı orada gördüm, polislər hücum edəndə atanı üst geyimindən tanıdım”.
Nigar Həzi tutularaq Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparıldığını, 5-6 dəqiqə sonra atasının da ora gətirildiyini qeyd edir: “20-yə yaxın saxlanan var idi. Ata dedi ki, məni polis maşınında döyə-döyə gətiriblər… İlham Hüseyn (AXCP üzvü – red.), ata və mən dəhlizdə söhbət edirdik. 10 dəqiqə sonra polis kapitanı atanı bölmənin girişindəki sağ yan dəhlizin ən son otağına apardı. Arxa qapıdan apararlar deyə mən də getdim. Kapitan ata ilə bərabər otağa daxil olanda mənə dedi ki, burada gözləməyin, biz sadəcə izahat alacağıq. Məni həmin otağın yanından uzaqlaşdırdılar. Ancaq gözümü qapıdan çəkmirdim. Bir müddət elə gözlədim”.
Arada növbətçi hissəyə dəyib qayıtdığını yazan Nigar Həzi qeyd edir ki, Tofiq Yaqublunun aparıldığı dəhlizin sol tərəfindəki ilk otağa mülki geyimli iki-üç nəfərin keçdiyini görüb, ardınca özünü bölmənin rəisi kimi təqdim edən mülki geyimli şəxs onu oradan uzaqlaşdırıb: “Mən həmin otaqdan taqqıltı səsləri eşidirdim. Bölmənin digər polisləri də başlarını əyib o otağa sarı baxırdılar. Sonradan ata deyir ki, məni həmin otağa aparıb əlimi arxadan qandalladılar və döyməyə başladılar. Mən bundan xəbərsiz idim…
Daha sonra izahat almaq üçün məni sol tərəfdəki dəhlizə apardılar. İzahat alan polis məni otaqda xeyli saxladı. Həmin müddətdə atanı çoxdan polis bölməsindən çıxarıbmışlar…
Mən izahat verib otaqdan çıxandan sonra digər saxlananlardan atanı görüb-görmədiklərini soruşdum. Biri dedi ki, 20 dəqiqə əvvəl gördüm, başqa otağa keçdi. Arxayın oldum ki, ata bölmədədir. Hələ arada bayaqkı kapitandan da soruşdum, atanın izahat verdiyini deyib aralandı…
Bizi ondan sonra xeyli saxladılar. Xanımları axşam saat 7-nin yarısına kimi buraxdılar. Polis bölməsinin önündə digərlərinin də çıxmasını gözləyəndə telefonuma tanımadığım nömrədən zəng gəldi. Telefonu açanda atanın səsini eşitdim. Dedi ki, Nigar, məni buraxıblar, Ələtdəyəm, məni döyüblər, gözüm görmür…”
1961-ci il təvəllüdlü Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-2018-ci illərdə partiya başqanının müavini postunu tutub.
Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzində təmsil olunur.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsində ona 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəz edib.
Nigar Həzi 2012-2013-cü illərdə, onun həyat yoldaşı, AXCP sədrinin müavini Seymur Həzi 2014-2019-cu illərdə həbsdə olub.
Tofiq Yaqublunun digər qızı, müsavatçı Nərgiz Yaqublu 2015-ci ilin aprel ayında, atası həbsdə olan vaxt vəfat edib.