Almaniyalı alim Adrian Zents Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunda aparılan repressiyalarda ölkə rəhbəri Si Cinpinin əli olduğuna dair hesabat yayıb.
Novator.az saytı xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzetində Adrian Zentsin hesabatı əsasında yazı dərc olunub.
Yazıda deyilir ki, Adrian Zents 2014-cu ilin aprelindən 2018-ci ilin mayına qədərki dövrü əhatə edən, heç yerdə işıq üzü görməmiş sənədlər əldə edib.
Həmin sənədlər arasında Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin üç çıxışı da var.
1953-cü il təvəllüdlü Si Cinpin 2012-ci ilin noyabrından Çin Kommunist Partiyasının baş katibi, Kommunist Partiyası Mərkəzi Komitəsi Hərbi Şurasının sədri, 2013-cü ilin martından Çin Xalq Respublikasının sədri – dövlət başçısı və Çin Xalq Respublikası Mərkəzi Hərbi Şurasının sədridir.
Adrian Zentsin üzə çıxardığı məxfi sənədlər uyğur ailələrində doğum səviyyəsinin nəzarətə götürülməsi, uyğurların “tərbiyə olunması”, “xəstə düşüncələrinin müalicə olunması”, məcburi əməyə cəlb edilməsi, köçürülməsi ilə bağlı Çin Kommunist Partiyasının rəhbərliyi səviyyəsində çağrışlar edildiyini, təlimatlar, göstərişlər verildiyini təsdiqləyir.
Sənədlərə əsasən, Si Cinpin 2014-cü ildəki bir çıxışında deyib ki, Sincan Uyğur Muxtar Rayonunun cənubunda vəziyyət nəzarət altına alınmasa ölkənin milli təhlükəsizliyi təhdid altına düşə, Çinin XXI əsrdə qarşıya qoyduğu məqsədlərə çatmasında maneələr yarana bilər.
Sənədlər göstərir ki, Çin Kommunist Partiyasının Sincan Uyğur Muxtar Rayonu üzrə katibi Çen Syuanqo həbs edilməli olan adamların hamısını bir yerə toplamaq barədə vəzifəli şəxslərə əmr verib. Onun əmrində bildirilib ki, bölgədə peşə təlimi mərkəzləri (Çin hakimiyyəti uyğurların saxlandığı əsir düşərgələrini “peşə təlimi mərkəzləri” adlandırır) uzun müddət və fasiləsiz fəaliyyət göstərməlidir.
Adrian Zentsin üzə çıxardığı sənədlər Çin hakimiyyətinin xüsusilə Sincan Uyğur Muxtar Rayonunun cənubunda uyğurların sayının artmasından, əhalinin demək olar yalnız uyğurlardan ibarət olmasından ciddi narahatlıq keçirdiyini, bunu “əhalinin etnik tərkibində balansın pozulması” kimi qiymətləndirdiyini göstərir.
Bəlli olur ki, Çin hakimiyyəti 2022-ci ilədək uyğur ailələrində birdən artıq uşaq doğulmasını yasaqlayıb və əsasən ölkənin şərqindən 300 min nəfəri, yəni milliyyətcə uyğur olmayan 300 min çinlini Sincan Uyğur Muxtar Rayonunun cənubuna köçürməyi qərara alıb.
“The Guardian” yazır ki, bu sənədlər Çin Kommunist Partiyasının rejimi qorumaq məqsədilə durmadan soyqırımı törətmək niyyətində qəti olduğunu nümayiş etdirir.
Çinin şimal-qərbində yerləşən Sincan bölgəsində yaradılmış Uyğur Muxtar Rayonu guya etnik özünüidarəetmə rayonudur, əslində isə bu, tamamilə formal muxtariyyətdir. Rayonu idarə edən Kommunist Partiyası katiblərinin, yəni yerli məmurların böyük əksəriyyəti, demək olar hamısı çinlidir.
Sincanda bir milyondan çox uyğurun əsir düşərgələrində saxlandığı bildirilir.
2021-ci ilin yanvarında ABŞ Dövlət Departamenti uyğurlara qarşı hərəkətləri rəsmən soyqırımına cəhd adlandırıb. Oxşar qiymətləndirmə Dövlət Departamentindən qabaq Kanada və Niderland parlamentlərində də qəbul olunub.
Hüquq müdafiəçiləri və hüquq müdafiə qrupları dəfələrlə bəyan ediblər ki, Çin hökuməti insanlıq əleyhinə cinayətlər törədir və BMT-nin Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiyasının bütün müddəalarını pozur.
2021-ci ilin noyabrında ABŞ-ın Holokost Memorial Muzeyi Çində uyğurlara qarşı törədilən repressiyalarla bağlı “Bizi yavaş-yavaş yox etmək üçün: Çin hökumətinin uyğurlara hücumu” adlı hesabat yayıb.
Hesabatda Çin hökumətinin Sincan əyalətində yaşayan milyonlarla uyğur müsəlmana verdiyi zülmlərə dair sübutlar əks olunub. Hesabat müəllifləri Çində 3 milyon uyğurun məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qaldığını aşkarlayıblar. Hesabatda Çin hökumətinin uyğur icmasına hücumunun olduqca ciddi və geniş xarakter daşıdığı, uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə maneələr törədildiyi, bir milyondan çox uyğurun əsir kimi düşərgələrdə saxlandığı vurğulanıb.
Holokost Memorial Muzeyi Çin hökumətinin əməllərini soyqırımı siyasətinə bərabər tutub və bu cinayətlərə dərhal son qoyulmasına, xüsusilə uyğur qadınların məcburən abort edilməsi hallarının qarşısını almaq üçün qəti addımlar atılmasına çağırıb.
Mənbə: Theguardian.com