İctimai-siyasi fəalların dekabrın 1-i paytaxt Bakının Fəvvarələr meydanında məhbus Saleh Rüstəmova azadlıq tələbi ilə keçirmək istədiyi aksiya polis müdaxiləsinə məruz qalıb. Bir çox aksiyaçı döyülüb. Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu ağır xəsarətlər alıb. Siyasətçinin bildirdiyinə görə, Fəvvarələr meydanında tutulub, döyülə-döyülə Səbail Rayon Polis İdarəsinin 39-cu bölməsinə aparılıb, orada işgəncəyə məruz qalıb, sonra avtomobillə müxtəlif məkanlara aparılaraq aramsız döyülüb, axırda Ələt qəsəbəsində sərbəst buraxılıb.
Birinci Qarabağ müharibəsinin veteranı olan Tofiq Yaqublunun ağır işgəncələrə məruz qalması kəskin etirazlar doğurub. Novator.az-ın məlumatına görə, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn yazır ki, Tofiq Yaqubluya qarşı dekabrın 1-də törədilənin nə qanuni, nə hüquqi, nə siyasi, nə də mənəvi-insani izahı, bəraəti var: “Dövlət adına tam bir rəzalətdir, tam bir cinayətdir! Azərbaycanın düşmənlərinə xidmətdir!”
Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov qeyd edir ki, qanunsuz zor hakimiyyəti nüfuzdan salır: “2020-ci ilin hərbi qələbəsi nəticəsində topladığı müəyyən nüfuz hesabına indiki hakimiyyət hələ bir neçə vətəndaşı da yaxşıca döyə bilər. Kreditdir, ürəyi istədiyi kimi xərcləyir. Bəs sonrası? Yoxsulluq sürətlə artır. Yoxsullaşmış kütlə nədən qorxacaq? Coşanda elə diqqətli də olmur ki, ona “döymə” deyəni eşitsin”.
Vətəndaş cəmiyyəti təmsilçisi Rövşən Ağayev yazır ki, polis hakimiyyətin yox, dövlətin, xalqın xidmətçisidir: “Nizamnamə-qanun etibarilə belə olmalıdır. Reallığın tərsinə olduğunu hamımız bilirik. Xalqın xidmətçisi olan polis nəinki bir siyasət adamını, qatı cinayətkarı da belə ağlasığmaz fiziki zorakılığa məruz qoymaz. Polisin bu sərhəd tanımayan davranışlarının bir sonu olmalıdır. Olmadıqca hələlik yalnız xəyal etdiyimiz sivil cəmiyyətin rüşeymləri belə yaranmayacaq. Olmadıqca istisnasız olaraq hər kəs belə zorakılığın potensial qurbanıdır.
Hakimiyyətin qırmızı xətlərinin olması son dərəcə vacibdir – bu, ölkəmizin işıqlı gələcəyi üçün çox lazımdır. Məmləkət hansısa qrupların, fərdlərin hikkəsinin qurbana çevrilə bilməz. Dövlət ərkanı deyilən davranış kodeksi bütün məmurların başı üzərindən asılmalıdır – özləri naminə yox, övladları, övladlarımız naminə. Vəzifə müvəqqətidir”.
Hüquqşünas Ələsgər Məmmədli yazır: “Tofiq Yaqublunun işgəncə izləri dolu fotosunu görən hüquq mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, hökumət rəhbərləri nə düşünürlər? Utanmalı bu tablodan zövq alırlar? Baş Prokurorluq işgəncəyə yol verən poqonluları cinayət məsuliyyətinə cəlb etməlidir”.
AXCP sədri Əli Kərimli yazır ki, Tofiq Yaqubluya qarşı qəddarlıq cəmiyyətdə nifrət və qəzəbi artırır, bu qəddarlığın ən çox zərər çəkəni isə dövlət başçısı İlham Əliyev və onun komandası olacaq.
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu suallar qoyur: “Bu nə vəhşilikdir, nə barbarlıqdır? Belə cinayətlər hara qədər davam edəcək? Hakimiyyət belə idarəçiliklə Azərbaycanı hara aparır? Bu sualları hər kəs özünə verməli, sağa, sola baxmadan birbaşa Əliyev hakimiyyətini qınamalı və etirazını bildirməlidir”.
Politoloq Azər Qasımlının Tofiq Yaqublunun işgəncəyə məruz qalmasına reaksiyası belədir: “Bunu edənlər ləyaqətli insanların və xalqımızın nifrətinə layiqdir. Ölkəmizin ən azı 50 illik problemləri bu sifarişi verən və icra edənlərə görədir”.
1961-ci ildə Gürcüstanda doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.
2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. 2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib.